Toz basmış boz rəngli dövlət aparatı... Və islahat!




Rüstəm ƏBÜLFƏTOĞLU

“Modern Azərbaycan” dövlət modelinin konsepsiyası plana əsasən 2023-cü ilədək tam yekunlaşmalıdır.



Bu müddət ərzində ötən illərin toz basmış boz rəngli dövlət aparatı hüquqi, siyasi, sosial və iqitisadi islahatlar sayəsində müasirləşməli, daha əlvan rənglərə boyanmalıdır.

Hazırda isə bu nasaz aparatın bütün sistemi ciddi diaqnostika edilir, paslanmış mexanizmlər çürüklərdən təmizlənərək yağlanır, sazlanılır və yeniləri ilə əvəzlənir. Əsas valın hərəkətini illərlə iflic etmiş korrupsiya, rüşvət və monopoliya iplərindən hörülmüş müdhiş özəl xüsusiyyətlərə malik şəbəkə də boz hörümçəklər, kiçik qara kəpənəklər və digər böcəklərlə birlikdə koronavirus tədbirləri fonunda dezinfeksiya edilir, zərərsizləşdirilir, karantinə alınır.

Bir qədər gec olsa da, aşkar edilib ki, ilk baxışda ziyansız görünmüş bu hörümçəklərin ipək kisəsi də ta qədimdən yırtıq imiş. Elə bu səbəbdənmiş ki, özlərinin istehsal edə bilmədiyi ipəyi alternativ mənbələr hesabına formalaşdırırmış, cəmiyyətdə arzu-dilək simvolu tək qəbul edilən parabüzənlər isə burada adının mahiyyətini doğrultmaqla bərabər şəxsi mənafeyi naminə sözün əsl mənasında para büzdürürmüş. Nəticə isə göz qabağındadır. Ümumi enerji axını bütöv bir mühərrikin ləng işləməsi və vaxtından tez sıradan çıxmasına səbəb olurmuş.

Amma nəhayət ki, ölkəmizə yeni və son model hibrid mühərrikin lazım olduğu aydınlaşıb. Odur ki, müasir dünya ilə ayaqlaşmaq, dördüncü sənaye inqilabının çağırışlarına cavab vermək və böyük inkişaf tempinin saxlanılması üçün hazırda var gücümüzlə dəyişirik. Proses daha dərindən, son dərəcə dəqiqliklə düşünülmüş plan, cızılmış yol xəritələrinə əsasən mərhələli şəkildə, ciddi məsuliyyət, nizam-intizam və nəzarət tədbirləri altında davam etdirilir.

Cənab Prezidentin müvafiq sərəncamı da (“Dövlət idarəçiliyində səmərəliliyin artırılması haqqında”) bir daha göstərir ki, boz böcəklər, qara kəpənəklər və kiçik parabüzənlər dövrü artıq bitib. Konkret ideoloji hədəflərə çatmaq üçün ortaya sözün əsl mənasında qətiyyətli və son dərəcə güclü, məhz xalqın mənafeyini əks etdirən siyasi iradə qoyulub - Prezidentin iradəsi…

Millətimiz üçün, xalqımız üçün...

Sizin üçün, bizim üçün, Azərbaycan üçün!!!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu