Sizin üçün, bizim üçün, Azərbaycan üçün! - Rüstəm Əbülfətoğlu yazır
“Kim ki ləyaqətlə idarə edir, gələcəkdə hökmlər verməyə layiqdir.” (Qədim Roma filosofu Sisero)
Azərbaycanda hər şeyin yaxşı olmasına dair ölkə başçısına mütəmadi olaraq yalan və yanlış məlumatlar verməklə düşünülmüş şəkildə hakimiyyətə qarşı ölkə içtimaiyyəti və xalqın etibarını sarsıtmağı, öz çirkin məqsədlərinə çatmaq üçün vətəndaşı narazı salmaqla hökumətin üzərinə qaldırmağı, beləliklə, qəsbkar maraqlarının davamlı və gizli təminatı baxımından illərdir xüsusi təsir rıçaqları formalaşdırmış xəyanətkar qruplaşmalar ilə bağlı bütün faktlar hökumətin ən yüksək dairələrində artıq xeyli müddət idi araşdırılırdı. Xalqın sərvətini və malını talan edən, onu qəsb edərək mənimsəyən, bununla vətənə və dövlətə xəyanət edən bəzi yüksək vəzifəli məmurların kimliyi, bu vəzifələri hansı yollarla ələ keçirmələri, onların əlaqələri, təmasları, niyyətləri, bütün növ hərəkət və davranışları o çümlədən ölkəni içindən yeyən korrupsiya və rüşvət əməllərinə dair məlumatlar dövlətin aidiyyatı təhlükəsizlik orqanlarının əməliyyat bazasında hər növbəti gün daha çox emal edilirdi. Beləliklə, xalqın maraqlarının qorunması baxımından sadə vətəndaşın dilində İNQİLAB, siyasi dairələrdə İSLAHAT adlandırılan yeni dövlət idarəetmə sisteminə keçid prosesinə atıq start verilmişdi…
Bu o vaxtlar idi ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumla dövlət idarəçiliyində yeni təsisatın - Birinci vitse-prezidentlik institutunun yaradılması təklif edilirdi. Postsovet ölkələri üçün səciyyəvi olmayan bu institutun o vaxtlar nəyə xidmət edəcəyinə dair suallar hər kəsi düşündürsə də İlham Əliyev cəmiyyət və xalqın sosial sifarişini dəqiqliklə və məhz dərindən araşdıracaq, bu siyasəti daha yaxşı icra edəcək yeni mükəmməl idarəetmə institutunun yaradılması üzərində çalışırdı. Yeni təsisat idarəetmədə səmərəliliyi və çevikliyi artırmaqla xalq-iqtidar birliyini daha sıx və möhkəm tellərlə bağlamlı, vətəndaşın iqtidara qarşı məmurlar tərəfindən sarsıdılmış inamını bərpa etməli idi ...
Beləliklə 2017-ci il 21 fevral tarixində Prezident ən sadiq sirdaşı və strateji silahdaşı olan Mehriban Arif qızı Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməklə ölkə yeni idarəetmə sisteminə qədəm qoyur. İlham Əliyev Mehriban Əliyevanı belə təqdim edir: “Çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.
Elə xanım Əliyeva özü də bu təyinatda sədaqət və etibarlı silahdaşlığın rolunu inkar etmir: “Məni Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin etmək qərarı Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olub. Əlbəttə, uzun illər ərzində təkcə Prezidentin xanımı deyil, həm də onun silahdaşı olmağım da yəqin ki, öz rolunu oynayıb.”
Mehriban Əliyeva elə ilk çıxışında hər kəsi əmin edir ki, Azərbaycana, millətə və vətənə layiqincə xidmət edəcək: ”Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam!…. Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, cənab Prezident, sizin və mənə inanan bütün insanların etimadını doğruldacağam!”
Beləliklə, ilk real addımlar atılır. Birinci vitse-prezident işə ən həssas təbəqənin - qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə başlayır. İlk müşavirə təsdiqləyir ki, dövlətin əsas prioriteti dəyişməz qalır - xalqın mənafeyinin qorunması: “Mən əsas diqqəti sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirmək istəyirəm.” Sitatın sonu.
Bu müşavirədən sonra müxtəlif sahələrin ən yaxşılarının yaxşısı, gənc, peşəkar və bilikli kadrlar seçilərək yeni təsisatda işə cəlb olunurlar. Birinci vitse-prezidentlik institutu geniş tərkibli müşavirə keçirir və ölkənin demək olar ki, bütün sahələrini əhatə edən real mənzərənin qiymətləndirilməsi və təhlil edilməsi istiqamətində böyük planlama və hərəkat başlanır.
Mehriban Əliyeva: “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.
Qısa müddətdə məlum olur ki, paytaxtdan uzaq düşmüş bəzi rayonların icra başçıları insanlıqdan da uzaq düşüb. Təsdiqlənir ki, bölglərdə məmurlar xalqla son dərəcə kobud davranır, vətəndaşların konstitusion hüquqları pozulur, sahibkarlara haqq qoyulur, kəndlilərin torpaqları əllərindən alınır, dövlətin aztəminatlı insanlar üçün tikdiyi mənzillər təkrar bazarlarda satılır, işlək müəssisələr məmurların icra gücü ilə bağlanır, iş yerləri ixtisar edilir və s və ilaxır... Köhnə təfəkkürlü idarəetmənin artıq mümkünsüzlüyü ilə bağlı növbəti yumşaq xəbərdarlıq da məhz bu zaman səslənir.
Mehriban Əliyeva: “Ona görə də rayon icra hakimiyyətləri bu barədə düşünsünlər, bəlkə kiçik biznes, ya kiçik müəssisələr barədə təkliflər hazırlasınlar. Bildiyiniz kimi, Prezidentin göstərişi ilə işsizlik problemini aradan qaldırmaq üçün böyük vəsait ayrılıb, iş yerləri yaradılıb. İş yerlərinə daha çox əhalinin bu təbəqəsindən insanları cəlb etmək lazımdır.”
Bu arada bir çox icra başçıları və hüquq mühafizə orqanlarının əməkdaşları ilə bağlı daxil olan siqnallar yerində daha ciddi təhlil edilir və mütəmadi olaraq ölkə başçısının diqqətinə çatdırılır. Real monitorinqlərin ən etibarlı mənbədən əldə olunan nəticəsi indi İlham Əliyevə ölkədə yaranmış vəziyyət barədə daha böyük əminliklə və hətta ən xırda detallar barədə açıq, konkret faktlarla danışmağa geniş imkanlar yaradır. Artıq xalqın problemləri ilə bağlı içtimai nəzarətin vacibliyi haqda bəyanatlar daha tez-tez səslənir. Məlum olur ki, icra orqanları kimi dövlətin digər bəzi strukturlarda da vəziyyət ürəkaçan deyil. “Azərenerji” ASC–nin ixtisar olunmuş əməkdaşlarının Birinci vitse-prezidentə şikayəti yerindəcə həll edilir və nəticədə heç kim iş yerini itirmir. Eyni zamanda Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən 1913-cü ildə malakanların dua evi kimi inşa edilmiş qədim, lakin artıq özəlləşmiş binanın sökülməsi ilə bağlı polis və icra hakimiyyətinin “səlib yürüşü”nə də içtimai mövqeyin müdafiəçisi qismində konkret xarakter ortaya qoyulur və söküntü dayandırılır.
Mehriban Əliyeva: “Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür.... "
Hər yeni gün yeni faktlar üzə çıxarır. Artıq aşkar görünür ki, heç nə əvvəlki kimi olmayacaq! İlham Əliyevin təsis etdiyi yeni funksional institut, artıq idarəetmədə yeni metodlar, yeni təfəkkür, yeni münasibətlər modeli formalaşdırır....
Mehriban Əliyeva: “İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Bütün yataqxanalarda, bütün pansionatlarda həm nazirliyin, həm Heydər Əliyev Fondunun əməkdaşları, həm də Regionların İnkişafı Fondunun əməkdaşları bir-bir gəzəcəklər, araşdıracaqlar, insanlarla görüşəcəklər, bütün problemləri öyrənəcəklər, lazım gəlsə özüm də bütün pansionatları gəzəcəyəm. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır. Sizi əmin etmək istəyirəm ki, mən sizin etimadınızı doğruldacağam!!!”
Sosial sferanın dövlət siyasətinin ən vacib prioritet istiqaməti olduğu xatırlanmaqla vətəndaşlara problemləri gizlətməmək üçün növbəti çağırış edilir. Aprel döyüşçüləri ilə görüşdə bir daha bəyan edilir ki, İlham Əliyevin göstərişinə əsasən hər kəsin problemi fərdi qaydada araşdırılacaq: Mən sizə söz verirəm ki, hər bir müraciət araşdırılacaq...”
Femidanın gözünün bağlı olmasından ədalət çəkicini sosial ədalətsizliyin lehinə qərarılayan bəzi hakimlərin qanunsuzluqları da diqqətdən yayınmır. Elə bu səbəbdən Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası ilə əlaqədar 2019cu ilin iyun ayında Mehriban Əliyevanın təşəbbüsü ilə hüquqşünaslar bir araya gəlir. Bu dəfə məhkəmə sistemində aparılacaq kompleks islahatlar geniş müzakirə edilir. Nəticə özünü çox gözlətmir. Daxili İşlər və Milli Təhlükəsizlik nazirləri əvəzlənir. Yeni hakimlərin təyinatı isə bir neçə gün əvvəl Baş Prokurorun dəyişdirilirməsi ilə eyni vaxta təsadüf edir....
...Bir müddət əvvəl isə ölkə daha bir islahata izma atır. Bu dəfə qanunvericilik sahəsində.... Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir... Milli Məclisin tərkibi fundamental şəkildə dəyişdirilir, oliqarxiyaya mənsub millət vəkilləri parlament divarlarından kənarda qalır. Müxalifətçi deputatların komitələrdə təmsilçiliyi və hətta vitse-spikerliyə qədər yüksəlişi də yeni yanaşma tək xüsusi diqqət çəkir.... Ardınca ölkənin siyasi səhnəsi daha bir yeniliyin şahidi olur. İlk dəfə olaraq müxalifətə ölkənin birinci şəxsi səviyyəsində dialoq təklif edilir və tərəflərin bu təmaslardan razı qaldığı bildirilir.
Beləliklə Azərbaycan tam yeni idrəetmə modelinə keçir. İlham Əliyevin müəllifi olduğu bu model, o cümlədən onun əsas tərkib hissəsi sayılan Birinci vitse-prezidentlik institutu kimi yeni təsisat göstərilmiş etimadı ən yüksək səviyyədə doğruldur. Cənab Əliyevin özü də bu sutukturun əzmkar fəaliyyətinin nəticələrindən son dərəcə məmnun görünür. Çünki bütün maneə və çətinliklərə baxmayaraq ölkə başçısının şəxsi iradəsi və qətiyyətli mövqeyi ilə ərsəyə gətirdiyi bu təsisat artıq spesifik, çevik və işlək mexanizmə çevrilib. Həm də saat dəqiqliyi ilə.... Ən vacibi isə odur ki, bu mexanizmin hər saniyəsi indi Azərbaycanın xeyrinə işləyir....