Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2020/2021-ci tədris ilindən başlayaraq “Beynəlxalq ticarət və logistika” ixtisasına qəbul aparılacaq. Bununla da, Akademiyada bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı dördə çatacaq. Belə ki, Akademiyada növbəti tədris ilindən etibarən I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, həmçinin “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçiriləcək.
Eyni zamanda, Akademiyada magistratura səviyyəsində Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşması ilə yanaşı, Hüquqşünaslıq istiqaməti üzrə 2020/2021-ci tədris ilindən etibarən “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşmasına da tələbə qəbulu aparılacaq.
Xatırladaq ki, Akademiyada I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi” ixtisasına 2019/2020-ci tədris ilindən başlayaraq qəbul aparılır. Eyni zamanda, 2019/2020-ci tədris ilindən etibarən Akademiyada magistratura səviyyəsinə də qəbul həyata keçirilir.