Bələdiyyə üzvünün çimərlik şəklini kəndin müxtəlif yerlərinə vurdular




Neftçalanın bələdiyyə üzvü Vəfa Nağı üzvü olduğu bələdiyyənin sədri tərəfindən təhdid edildiyini bildirib. Ekspert Samir Əliyev bu məsələyə münasibət bildirərək bunun yolverilməz olduğunu deyib.



“Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Əliyev qeyd edib ki, Azərbaycanda əksmərkəzləşmə islahatlarının aparılmasının, yerli özünüidarə institutlarının gücləndirilməsinin vacibliyini qeyd etdiyimiz bir vaxtda Neftçala rayon Xolqaraqaşlı kənd bələdiyyəsində xoşagəlməz halların baş verməsi yolverilməzdir:

“İllərlə bələdiyyələrə səlahiyyətlərin verilməsinin vacibliyini qeyd edəndə əsas kimi bu qurumların hesabatlılığını, əhali iradəsini təmsil etdiklərini önə çəkmişik. Ancaq bələdiyyə sədrinin özünü icra nümayəndəsi kimi aparması, rəhbərlik etdiyi qurumun hesabatlı olmaması isə yerli özünüidarə prinsiplərinə zidd olmaqla yanaşı ölkə qanunvericiliyinin kobud sürətdə pozulmasıdır. Bələdiyyələr həm öz üzvləri, həm də ümumilikdə əhali qarşısında hesabat verməyə, maliyyə məlumatlarını açıqlamağa borcludur. Bu öhdəlik təkcə ona olan sorğu ilə məhdudlaşmır, həm də bələdiyyə tərəfindən dərc olunaraq kənd ərazisində löhvələrə yapışdırılmasını özündə ehtiva edir. Bələdiyyə üzvü Vəfa Nağı müraciətində tam haqlıdır. Həm bələdiyyə üzvləri, həm də əhali analoji addımı atmalıdır”.

Qeyd edək ki, V.Nağı məlumat yayaraq bildirib ki, bələdiyyə sədri Əlibala Səlimov kəndin müxtəlif yerlərinə onun şəkillərini yapışdıraraq “Ledy Gaga” sözlərini yazıblar. V.Nağı baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Bununla bağlı ondan izahat alınıb və araşdırma aparılır. O bildirib ki, Əlibala Səlimovun ona qarşı bu davranışının səbəbi bələdiyyə iclasında çıxış etmək istəməsi və Ə.Səlimovun əməlləri barədə sosial şəbəkələrdə məlumat yaymasıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu