Müxalifət partiyalarının bələdiyyə seçkilərində iştirakdan imtina qərarını dəstəkləmirəm




Müxalifət partiyalarının, o cümlədən Musavat Partiyasının bələdiyyə seçkilərində iştirakdan imtina qərarını dəstəkləmirəm. Fikrimcə, partiyalar özlərində güc tapıb seçkidən iştirak etməlidirlər.



AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. onun sözlərinə görə, bələdiyyələr ölkənin bütün kəndlərini, qəsəbələrini, şəhərlərini əhatə edirlər. Bələdiyyədə təmsil olunmaq yerli əhali ilə daim kontaktda olmaq imkanı verir və problemi dərindən öyrənməyə şərait yaradır: "İkincisi, bu günə bələdiyyələrin səlahiyyətsiz qurum olması o demək deyil ki, sabah da elə olacaq. Mərkəzi hökumət əvvəl-axır bir sıra səlahiyyətlərini yerli hökumətlərə (bələdiyyələrə) ötürməli olacaq. Üçüncüsü, bələdiyyə qurumunda təmsil olunmaq partiya üzvlərinə, xüsusilə gənclərə idarəetmə biliklərini, o cümlədən əhali ilə işləmək biliklərini və vərdişlərini aşılayır. Ölkədə 1607 bələdiyyə qurumu mövcuddur. Hər bələdiyyədə 1 nümayəndə olması sonda idarəetmə üzrə 1607 kadr yetişdirmək deməkdir. Dördüncüsü, partiyanın kadr potensialının artırılmasını, o cümlədən yeni liderlərin formalaşmasının mexanizmlərindən biri də bələdiyyə qurumlarında təmsilçilikdir. Beşincisi, bələdiyyədə (şəhərlərdə bələdiyyə üzvü, kəndlərdə isə bələdiyyə sədri qismində) təmsilçilik müəyyən maliyyə təminatıdır və s.

Səbəblərin siyahısını bir qədər də uzatmaq olar. Ancaq bələdiyyə qurumunda iştirak həm də hökumətdən əksmərkəzləşmə islahatları tələb etmək hüququnu və imkanlarını artırır. Çünki indiki bələdiyyə üzvləri heç bir halda səlahiyyətlərinin artırılmasının vacibliyini açıq şəkildə bildirmirlər. Halbuki ilk növbədə onlar məsələni qabartmalıdırlar.

Əlbəttə əks arqument kimi seçkinin saxtalaşdırılması, bələdiyyələrin səlahiyyətlərinin və buna görə də maliyyəsinin olmaması gətirilə bilər. Ancaq əhali ilə gündəlik təmasda olmağın ən uğurlu yolu məhz bələdiyyə qurumunda təmsil olunmaqdır. Əksmərkəzləşmə islahatları əvvəl-axır olacaq..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu