Bələdiyyələrin birləşdirilməsi icra hakimiyyətlərinin ləğvinə hazırlıqdır? – ekspertdən AÇIQLAMA


Milli Məclisə bələdiyyələrlə bağlı yeni qanun layihələri daxil olub.


AFN.az xəbər verir ki, layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, digəri isə “Bələdiyyələrin statusu haqqında”dır. Layihələr qəbul olunarsa, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu yenilik hansı zərurətdən yaranıb?
Son günlər mediada yaxın vaxtlarda ölkədə referendum keçiriləcəyi, icra hakimiyyəti institutunun ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılır. Bələdiyyələrin böyüdülməsi buna hazırlıqdırmı? Mövzu ilə bağlı AFN.az-a danışan iqtisadçı ekspert Rövşən Ağayev bildirbi ki, dünya təcrübəsində bələdiyyələrin minimal ölçüsü var: “Məsələn, Türkiyədə əgər səhv etmirəmsə əhali sayı 5 min nəfərdən az olan yerlərdə bələdiyyə yaradılmır. Düzdür, orda ərazi hüdudları kimi kriteriyalar da var. Bələdiyyə nə qədər kiçik olursa, onun resursları da az olur. Dünyada belə bir yanaşma var. Bir vaxtlar biz də Azərbaycanda bələdiyyələrin kiçik olması ilə razılaşmamışdıq, hətta bələdiyyələrin böyüdülməsi ilə bağlı siyasət sənədi işləyib hazırlamışdıq. 2009-cu ildə hökumət bələdiyyələri birləşdirəndə həmin sənəddən yararlandı. Amma bu günkü reallıqda mənim fikirlərim xeyli dərəcədə dəyişib. Əvvəla, Azərbaycanda bələdiyyələrin sayı onsuz da xeyli azaldılıb – 2700-dən 1600-ə salınıb. Faktiki olaraq o qədər də kiçik bələdiyyə qalmayıb, əhalisi min nəfərdən yuxarı olan bələdiyyələr qalıb. Türkiyə 85 milyonluq ölkədir və orada minimum 5 min nəfər hədd normal qəbul edilə bilər. Bizim kimi ölkələr üçün 1000-2000 nəfər normaldır. İndiki situasiyada bələdiyyələrin birləşdirilməsinə xüsusi zərurət yoxdur. Bələdiyyələrin böyüdülməsi icra hakimiyyətlərinin ləğvinə gözlənti yaratmır. Mən bu fikri bölüşmürəm. Çünki indiki idarəetmə mərkəzləşmiş sistemdir. Əksmərkəzləşmə indiki idarəetmə üçün fəlakət deməkdir. Hakimiyyət xüsusilə icra hakimiyyətləri üzərində qurulmuş mərkəzləşmiş idarəetmə sistemindən heç cür imtina etmək istəmir. Ola bilər ki, Qarabağda yaradılan böyük regional idarəetməyə keçə bilərlər, o da yenə böyüdülmüş icra hakimiyyətləri olacaq. Mən bələdiyyələrin indiki idarəetmə, siyasi təfəkkür şəraitində böyüdüləcəyinə əmin deyiləm”.
R.Ağayevin sözlərinə görə, əgər hökumət islahatlar aparmaq istəyirsə, böyüdülməyə yox, bələdiyyələrin səlahiyyətlərinin artırılmasına getməlidir: “Bu gün vətəndaşı icmada narahat edən bütün qayğılara bələdiyyə cavab verməlidir. Söhbət məişət tullantılarının toplanmasından, içməli su təminatından, kanalizasiya sistemindən, səhiyyə və təhsil, yol infrastrukturunun qurulması və saxlanmasından gedir. Bizdə bələdiyyə və təhsil deyəndə elə bilirlər ki, bələdiyyə təhsil standartları yaradacaq. Elə deyil, təhsil standartları ilə yenə dövlət, müvafiq qurumlar məşğul olacaq. Bələdiyyənin işi isə məktəbin qurulması, saxlanması, hansısa məktəb uçubsa yerində təzəsini tikmək, təmirə ehtiyac olanı təmir etməkdir. Direktor, müəllimlər gedib hansısa təsərrüfat işlərilə məşğul olmamalıdır. Yaxud hansısa problem yarananda nazirliyin yolunu gözləməməlidir. Kəndlərdə hazırda ən ciddi problem yoldur. Amma heç bir bələdiyyənin 1 kilometr belə yol çəkməyə maddi imkanı yoxdur. Ona görə də birinci bələdiyyələrin səlahiyyət məsələsi həll olunmalıdır, ikili hakimiyyət aradan qaldırılmalıdır. Bələdiyyəyə verilən səlahiyyət heç bir başqa orqana verilə bilməz”.
R.Ağayev onu da vurğuladı ki, bələdiyyələrin vahid ad altında birləşməsi üçün başqa kriteriyalar da mövcuddur: “Məsələn, ərazi kriteriyası. Bələdiyyələr o halda vahid ad altında birləşə bilər ki, onların su, kanalizasiya, yol sistemini vahid təmin etmək mümkün olsun. Yoxsa bu dağın başında bir bələdiyyə var, o biri dağın başında biri, bunları əhali sayına görə birləşdirmək artıq zorakı yolla birləşdirmədir. Ona görə də infrastruktur vahidliyi prinsipinin gözlənməsi lazımdır. Bunun üçün qəfil ortaya çıxan qanun layihəsi bəs eləmir, burda araşdırmalar, müzakirələr aparılmalıdır. Nə qədər çox bələdiyyə birləşirsə, vətəndaşın yerli özünüidarəetmə hüququ da o qədər məhdudlaşır. Vətəndaş evinin içində oturub yerli özünüidarəetməni hiss edir, hansısa xidməti alır, amma siz təsəvvür edin ki, bu xidməti bir neçə kilometr kənardan alırsız. Ona görə də bu cür qərarları verəndə hökumət ciddi araşdırmalara, təcrübələrə söykənməlidir, hansısa kabinet məntiqinə yox”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu