Direktorlar yazarı məhkəməyə verdi
İki məktəb direktoru yazar Elşad Baratı məhkəməyə verib.
AFN BakuPost-a istinadən xəbər verir ki, 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Abbasov və 300 nömrəli tam orta məktəbin direktoru İradə Xəlilova məhkəmədə E.Baratın onların haqqında şər-böhtan xarakterli yazılar yazdığını iddia ediblər. Məhkəmədə çıxış edən E.Barat hər iki məktəbdə pul yığılmasına dair səsyazma təqdim edib.
Səsyazmadan aydın olub ki, məktəblərdə birinci sinfə daxil olan uşaqların valideynlərindən dövlət rüsumu və başqa adla pul tələb olunur.
Hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi davam etdirilir.
E.Barat iddia edib ki, direktorlar onu Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin birbaşa tapşırığı ilə məhkəməyə verib:
"Heç bir direktor durub öz xoşu ilə kimisə məhkəməyə verməz. Məndə olan məlumata görə daha üç məktəb direktoru da məni məhkəməyə verməyə hazırlaşır. Başa düşmürəm ki, məndən nə istəyirlər? Bəyəm təhsildə kimisə tənqid etmək cinayətdir? Səsyazmalar da göstərir ki, bu direktorlar məktəblərdə kütləvi şəkildə pul yığırlar və Rəşad Tağıyevin bu məsələni ört-basdır etməsi də onu göstərir ki, günahsız deyil".