Vüqar Səfərli KİV DF-ni necə batırdı?! – Cəmi 3 təşkilat və 3 qalib...




Azərbaycanda KİV-ə dövlət qayğısı özünün pik həddindədir desək, yanılmarıq. Prezident İlham Əliyevin təşəbbüsü və sərəncamları ilə jurnalistlər üçün çoxmənzilli 2 yaşayış binası tikilib istifadəyə verilib, üçüncünün tikintisi isə hazırda davam edir.



AFN xəbər verir ki, ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur, 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir. Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional və 17 kabel televiziyası, 25 internet televiziyası, 14 radio fəaliyyət göstərir. Bütün bunlar Azərbaycan kimi dövlət üçün mühüm göstəricilərdir. Dövlət başçısının mediaya güvənməsi (dünən yeni icra başçıları ilə görüşündə TV-lərin birində Şamaxıda bərbad halda olan otra məktəbin görüntülərini izlədiyi və məktəbin təcili yenidən qurulmaslı istiqamətində göstəriş verdiyini dilə gətirməsi buna sübutdur), jurnalistləri özünün dostu adlandırması onun mətbuata olan münasibətinin bariz göstəricisidir. Lakin təəssüflər olsun ki, bəzi şəxslərin yerində olmaması bu qayğıya, bu münasibətə kölgə salır.

Son günlər medianın gündəmində olan məsələlərdən biri də KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbərliyindən olan narazılıqlardır. Xüsusilə deputat Fəzail Ağamalının KİV DF-də islahatların zəruriliyi ilə bağlı səsləndirdiyi fikirlərə fond rəhbərliyi sərt cavab verib. AFN xəbər verir ki, KİV DF sədri Vüqar Səfərli deputatın dediklərini “Fonda qarşı qərəzli yanaşma”, o cümlədən “dövlətin media siyasətinin mahiyyətini gözdən salmağa xidmət edən məkrli kampaniya” adlandırıb. Öz növbəsində F.Ağamalı müsahibəsində V.Səfərli haqda maraqlı açıqlama verib: “Mən dövlətin media siyasətini müdafiə edəndə Vüqar Səfərli qəzet, jurnal çeşidləyirdi və satışı ilə məşğul olurdu. Onun tərcümeyi-halında bütün bunlar var”.

Çap mediasının satışı ilə məşğul olan şəxsin dövlətin media siyasətini aparan bir fonda sədrlik etməsi hələ V.Səfərlinin təyinatının yeni dövrlərində də gündəmdə olub. KİV DF-nin işindən narazılıqlar çox olsa da, hansısa sirli əl cənab Səfərlini qorumağı bacarıb. Yəqin ki, elə həmin “əl”in qüvvəsidir ki, Fond bu günə kimi hər hansı yoxlamaya məruz qalmayıb. Baxmayaraq ki, 2009-2019-cu illərdə Fonda dövlət büdcəsindən 40 milyon manatdan çox vəsait ayrılıb. Bu qayğının müqabilində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarıbmı? AFN-in bu istiqamətdə apardığı araşdırma çərçivəsində KİV DF-yə sorğu ünvanlanıb, cavablar redaksiyamıza təqdim edildikdən sonra ətraflı yazı ictimailəşdiriəcək.

Qeyd edək ki, Fond qəbul olunmuş konsepsiyaya uyğun olaraq qəzetlərə 19 istiqamət üzrə maliyyə yardımının göstərilməsi məqsədilə ildə 2 dəfə müsabiqə elan edir. Bu müsabiqələrin şərtlərinə cavab verən qəzetlər həmin istiqamətlər üzrə 6 ay ərzində layihələr icra edirlər. Fond həmin layihələrin monitorinqini həyata keçirir və hər ayın sonunda qəzetlərə növbəti maliyyə vəsaitini ayırır. KİV DF-nin həmçinin vəsait ayrılmasını dayandırmaq ixtiyarı var. Lakin bu illər ərzində hələ ki, belə bir təcrübəyə rast gəlinməyib. Daha doğrusu, apardığımız araşdırma çərçivəsində axtarış sistemində qarşımıza belə bir xəbər çıxmadı. Fonda ünvanladığımız sorğuda bu sual da qoyulub. Ümid edirik ki, cavab bizə təqdim olunacaq.

Fond həmçinin ildə bir neçə dəfə vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu; fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması; Azərbaycanın dünya birliyinə inteqrasiyası; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi və s. mövzuları əhatə edən jurnalist müsabiqələri də keçirir. Son illər müsabiqə çərçivəsində qalib jurnalistlərə ayrılan mükafatın həcminin azaldılması da tənqid edilən məqamlardandır. Maraqlıdır ki, əvvəlki illərdə Fonda daha az vəsait ayrılsa da, mükafatların məbləği böyük olurdu (I yer 1000 manat, II yer 700-800 manat, III yer 500 manat), sonradan Fonda dövlət büdcəsindən ayrılan vəsaitin çoxalmasına və əlavə olaraq hətta Prezidentin Ehtiyat Fondundan da ayırmalar olmasına baxmayaraq, mükafatların məbləği azaldıldı (I yer 500 manat, II yer 400 manat, III yer 300 manat). Yeri gəlmişkən, mükafatlandırmaya daha çox rəsmi mediada çalışan jurnalistlərin yazdığı yazıların buraxılması da ayrıca tənqid olunmalı məqamdır.

Fond KİV-lərdə Azərbaycanın ədəbi dilinin qorunması ilə bağlı jurnalist təşkilatları arasında da müsabiqələr keçirir. Hər il “Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması”, “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzusunda layihələr elan edilir. 6 ay müddətində icra edilən layihələr çərçivəsində monitorinqlər aparılmalı, Azərbaycan media və teleradio məkanının dil problemləri araşdırılmalı, onun tənzimlənməsi yolları müzakirə edilməli və təkliflər verilməlidir. Maraqlıdır ki, 2019-cu ildə elan edilən bu müsabiqəyə üç istiqamət üzrə cəmi 3 təşkilat layihə verib. Fondun saytında yerləşdirilən məlumata görə, 2019-cu il sentyabrın 3-dən 13-dək jurnalist təşkilatları üçün ənənəvi olaraq “Azərbaycanın media məkanında ədəbi dilin qorunması”, “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularında müsabiqələr elan edilib və 3 təşkilat - Azərbaycan Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı və Elektron Mediaya Yardım Fondu - sənəd təqdim edib. Son nəticədə hər üç təşkilat qalib elan edilib və onların hər birinə mərhələli şəkildə 20.000 (iyirmi min) manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul olunub. Maraqlıdır: kifayət qədər böyük büdcədən (müqayisə üçün bildirək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqələrində bir layihənin büdcəsi maksimum 15 min manat təşkil edir-red.) söhbət getdiyi halda Fondun müsabiqəsinə niyə cəmi 3 təşkilat layihə verir və 3-ü də qalib olur? Axı Azərbaycanda 50-dən çox jurnalist təşkilatı qeydiyyatdan keçib. Bəs bu təşkilatlar Fondun müsabiqələrinə niyə maraq göstərmirlər? Bu suallara təbii ki, təşkilat təmsilçilərinin özlərinin cavabı daha maraqlı olar. Biz isə Fondun məsul şəxslərindən kimisə tapsaq, bu suallarımızı ünvanlayıb cavabını alacağıq. Hələ ki, büdcə ilə bağlı sorğumuza hər hansı cavab verilməyib...

AFN-in Analitik şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu