İran nüvə silahının bir addımlığındadır


İran uranın 84 faizə qədər zənginləşdirilməsinə nail olub.


AFN.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri ötən həftə İranın 84 faiz zənginləşdirilmiş uran əldə etdiyini müəyyən ediblər. "Bu, ölkədə yanacağı zənginləşdirmənin qeydə alınan ən yüksək səviyyəsidir" - deyə "Bloomberg" yazıb.
Agentliyin məlumatında qeyd olunur ki, nüvə silahının yaradılması üçün uranın 90 faizə qədər zənginləşdirilməsinə nail olmaq lazımdır. MAQATE ekspertləri İranın uranın zənginləşdirilməsi üzrə rekord səviyyəyə çatdığını, yoxsa bunun sentrifuqaları birləşdirən borularda yanacaq yığılmasının bilərəkdən baş verib-vermədiyini hələ müəyyən edə bilməyiblər.
MAQATE-nin baş direktoru Rafael Qrossi fevralın əvvəlində bildirib ki, Fordo nüvə obyektində qəfil yoxlama zamanı uranı 60 faizə qədər zənginləşdirən iki “IR-6” sentrifuqa kaskadı arasında əlaqədə elan olunmamış dəyişiklik aşkar edilib. O, iddia edib ki, iranlılar agentliyə əvvəlcədən xəbərdarlıq etmədən yanacaq zənginləşdirmə zavodunun layihəsində əhəmiyyətli dəyişikliklər ediblər.
Böyük Britaniya, Almaniya, ABŞ və Fransa MAQATE-nin hesabatında yer alan məlumatlardan narahat olduqlarını bildiriblər.
Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı birgə bəyanatda vurğulanır ki, İranın Fordo obyektində zənginləşdirilmiş uran istehsalı nüvə silahlarının yayılmaması rejimi üçün əhəmiyyətli risklər yaradır.
Öz növbəsində, İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi məsələyə münasibət bildirib. O, MAQATE-nin Fordo obyektində uranın 60 faziə qədər zənginləşdirilməsinə dair hesabatın "köhnəlmiş məlumatlara və agentliyin müfəttişlərindən birinin səhv mülahizəsinə əsaslandığını" deyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu