“Boeing”dəki qüsurlardan danışan daha bir şahid dünyasını dəyişib


Təyyarə konserni üçün komponentlərin istehsalındakı problemlərdən ilk danışanlardan biri olan "Boeing" təchizatçısı "Spirit AeroSystems"də işləyən Coşua Din vəfat edib.


AFN.az "The Seattle Times"ə istinadən xəbər verir ki, Din "Spirit AeroSystems"in yerləşdiyi Kanzas ştatının Viçita şəhərində yaşayırmış. Nəşrin qeyd etdiyi kimi, Din 45 yaşında idi və sağlam həyat tərzi sürürdü. İki həftə əvvəl o, tənəffüs problemlərindən şikayət edərək həkimlərə gedib. Dinə sətəlcəm və antibiotiklərə davamlı Staphylococcus aureusun səbəb olduğu ağır bakterial infeksiya diaqnozu qoyulub. O, əvvəlcə Viçitadakı xəstəxanada, sonra təcili olaraq vertolyotla Oklahomadakı klinikaya aparılıb və orada müalicə olunub. Lakin onun vəziyyəti pisləşib, sepsis və qanqren inkişaf etməyə başlayıb və o, hər iki qolunu və hər iki ayağını amputasiya etmək məcburiyyətində qalıb. Xəstəxanaya yerləşdirildikdən iki həftə sonra isə ölüb.

Din, "Spirit AeroSystems" səhmdarlarına qarşı məhkəmə iddiasında ifadə verib. O, 2022-ci ildə 2Boeing 737 MAX"-ın istehsalında kobud pozuntular aşkar etdiyini bildirib. Din deyib ki, şirkət rəhbərliyi aşkar etdiyi qanun pozuntularına məhəl qoymayıb və onu işdəb çıxarıb. O, işdən çıxarılmasını ifadələrinə görə qisas kimi qiymətləndirib və məhkəməyə müraciət edib.

Martın əvvəlində şirkətin istehsal standartlarını dəfələrlə tənqid edən keçmiş "Boeing" keyfiyyətə nəzarət meneceri Con Barnett Cənubi Karolinada ölü tapılıb. 62 yaşlı Barnettin cəsədi otelin dayanacağında avtomobildə tapılıb. Çarlston qraflığının polisinə görə, Barnett özünə açdığı güllə yarasından ölüb. Polis Barnettin ölümü ilə bağlı araşdırma aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu