Dənizdə boğub öldürdüyü bibisi oğlunun batdığını deyibmiş...


Sumqayıtda 11 il öncə bibisi oğlu Bayramov Ceyhun Yunis oğlunu Xəzər dənizində boğaraq öldürən Fuad Qasımovun məhkəmə prosesi yekunlaşıb.


“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə F.Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisəyə gəlincə, bu, 2012-ci ilin yayında baş verib. Onun gec cəza almasına səbəb isə Fuadın cinayəti 10 il sonra, yəni, ötən il etiraf etməsi olub. Buna qədər isə Ceyhunun Novxanı çimərliyində suda boğulduğu ehtimal edilib.

İstintaqla da cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyindən iş üzrə icraat 19.06.2014-cü il tarixli qərarla dayandırılıb.

Lakin bağlı qalmış cinayət işlərinin açılması istiqamətində görülən istintaq-əməliyyat tədbirləri ilə törədilmiş cinayətin üstü ötən il açılıb və Ceyhun Bayramovun dayısı oğlu Fuad Qasımov tərəfindən qəsdən öldürülməsi müəyyən edilib. Belə ki, Fuad Qasımov 2022-ci ilin fevralında Abşeron rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə bibisi oğlu Ceyhun Bayramov ilə dənizdə çimərkən onu boğaraq öldürdüyünü etiraf edib.

Cinayətə səbəb isə çimərlikdə olarkən qohumların arasında edilən zarafın bir-birlərinin xoşuna gəlməməsi və bunun nəticəsində yaranan mübahisə olub.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində zarafatın məğzini xatırlamadığını bildirib. Onun sözlərinə görə, dostu və bibisi oğlu ilə birlikdə dənizə girib. Dostu az sonra sudan çıxsa da, Ceyhunla Fuad dənizdə qalıb.
Fuad həmin vaxt sahildə aralarında olan mübahisə ilə bağlı söhbət etdikdən sonra hirslənib və hər iki əli ilə onun çiyinlərindən tutaraq suyun altına salıb. Nəticədə suyun altında çırpınan Ceyhun boğularaq ölüb.

Fuad içkili olduğunu, həmin vaxt zarafatın ona pis təsir etdiyini bildirib və buna görə özünü itirdiyini söyləyib.

Cinayətdən sonra Fuad dənizin dərin hissəsinə gedərək səs-küy qoparıb və bibisi oğlunun suda batdığını deyib. Onun səsinə, sahildə xidmət edən FHN-in xilasedicisi yaxınlaşıb. 10 dəqiqə sonra isə Ceyhunun cansız bədəni sudan çıxarılıb.

Fuad Qasımov törətdiyi cinayət əməlinin üstündən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq, vicdan əzabı çəkdiyini, etirafı da buna görə etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu