Rəsulzadə haqqında filmin müəllifi AzTV-dən getdi - Rövşən Məmmədovun “ayıb” açıqlaması


AzTV-nin tarixi şəxsiyyətlərlə bağlı silsilə filmlərin çəkildiyi layihənin rəhbəri Fəxrəddin Həsənzadə işindən ayrılıb.


AFN.az xəbər verir ki, bu barədə F. Həsənzadə özünün feysbuk hesabında yazıb: “AzTV -də yayımlanan “Yüz İlin Sirləri” proqramının layihə rəhbəri və Rəsulzadə ilə bağlı sənədli filmi hazırlayan biri kimi ümumi bir açıqlama vermək istədim. Kanal rəhbərliyinə və hər kəsə əsaslı veriləcək cavabım və dəlillərim var. Amma dostlarım bilir, mən belə məqamdan şou düzəltməyi yox, susmağı üstün bilirəm. Bu gündən etibarən AzTV ilə yollarımı ayırmaq qərarı verirəm. Məni tanıyan hər kəs siyasi mövqeyimi də bilir. Sadəcə bir məqsədim var idi. O da dünya tarixində iz qoyan azərbaycanlıları ətraflı tanıtmaq”.
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138 illiyi ilə bağlı AzTV-də nümayiş etdirilməsi nəzərdə tutulan sənədli film efirdə yayımlanmayıb.
Belə ki, layihənin müəllifi Hüseyn Cavadzadə yanvarın 22-də səhifəsində filminin anonsunu paylaşaraq, verilişin yanvarın 30-da yayımlanacağını deyib. Bundan sonra isə yanvarın 27-də filmin yayımlanmayacağını bildirib. Sonra məlum olub ki, həmin film efirə verilməyəcək.
Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri AzTV-nin səhifəsində #UtanAZTV #RəsulzadəÜrəklərdə həştəqləri ilə etiraz ediblər.
Məsələ ilə bağlı AzTV “Facebook” səhifəsində açıqlama yayıb.
Paylaşımda qeyd edilir: “Bu gün AzTV hansısa verilişi efirə verməməkdə ittiham olunur. Əvvəla, həmkarlarımızdan soruşmaq istərdik ki, söhbət hansı verilişdən gedir? Yaxud nəzərdə tutduqları verilişin adını çəksinlər, biz də maraqlanaq ki, həmin verilişin anonsu AzTV-nin efirində yayımlanıbmı? Efirdə deyilibmi, yaxud proqramda yazılıbmı ki, bu veriliş efirə gedəcək? Əgər yazılmayıb və deyilməyibsə, hansısa verilişin TV-də yayımlanmaması ilə bağlı ittiham irəli sürmək hansı əsasa və ya məntiqə sığır?
İkincisi, TV-də onlarla verilişlər hazırlanır, bəzən hətta anonsu verilsə də, efirə daha çox texniki səbəblərdən təqdim olunmur. Bu xəbərdirmi? Və ya bundan xəbər düzəltmək nə dərəcədə məntiqli və peşəkar yanaşmadır?
Mövzuya gəlincə, AzTV-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barədə yüzlərlə material yayımlanıb və bu gün də efirə verilir. M.Ə.Rəsulzadənin nəvəsinin ilk olaraq məhz AzTV-də efirə çıxması və maraqlı açıqlamalar verməsini diqqətli tamaşaçılar, yəqin ki, unutmayıblar.
Odur ki, bu mövzuda hər hansı kampaniyaya start verilməsinin özü, düşünürük ki, ayıbdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu