Tanınmış jurnalist Prezidenti müdaxilə etməyə çağırdı




Artıq Prezident materiallarında da səhvlərə yol verilir



Bir qədər əvvəl bəzi həmkarların əsaslı tənqidimi düzgün qəbul etmədiyi və bunu az qala qara PR adlandırması səbəbindən jurnalistika sahəsi ilə bağlı tənqidi materiallar yazmayacağıma qərar verdim. Gedən prosesləri kənardan izləməklə kifayətləndim, gördüyüm nöqsanları qələmə almayıb, sadəcə dostlarımla söhbətdə paylaşdım. Hər dəfə də, “Qardaş, bunu yazmaq lazımdır” çağırışlarına “Düzgün anlaşılmır” deyə, cavab verirdim. Amma bu o anlama gəlmir ki, həmin dövrdə əvvəllər göstərdiyimiz problemlər aradan qaldırıldı, telekanallarımızın hamısı Milli Dəyərlərimizə olan hörmətin güzgüsünə çevrildi, şit zarafatlar efirdən yığışdırıldı, ana dilimizin normalarına ciddi riayət olunmağa başladı. Bütün bunlara rəğmən, ürək ağrısı ilə baxıb “canımı dişimə tutub” dözürdüm. Amma bu müddət ərzində əvvəllər rastlaşmadığım bir məqamla da rastlaşdım ki, bu artıq “xəstəliyin”çox ciddi simptomları kimi özünü biruzə verməyə başladı. Artıq PREZİDENTİN FƏALİYYƏTİ HAQQINDA HAZIRLANAN SÜJETLƏR VƏ YAZILARDA DA SƏHVLƏRƏ YOL VERMƏYƏ BAŞLADILAR. BU İSƏ SAYMAMAZLIQ VƏ LAQEYDLİKLƏ BAĞLI OLA BİLMƏZ. BU SADƏCƏ REAL SƏVİYYƏ İLƏ BAĞLI VƏZİYYƏTİ ƏKS ETDİRİR.

Bütün bunlara rəğmən, böyük vaxt ayırıb geniş yazı yazmaq niyyətim yoxdur. Çünki bu sahədə yaranan vəziyyət belədir ki, bizim kimilərin yazısının təsiri çaxçaxın dəyirmənla münasibətdəki funksiyasını xatırladır. Nə isə...

Bu gün dostlarımdan biri mənə bir yazı göndərdi. Yazının bir neçə cümləsini olduğu kimi yazacağam.

“Çoxcildliyin 96-cı kitabına Prezident İlham Əliyevin Rusiya Federasiyasına və Türkmənistan Respublikasına işgüzar səfərləri zamanı Soçinin Valday şəhərində və Aşqabadda keçirilən toplantılarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi çıxışı, bu ölkələrin rəhbərləri ilə görüş və danışıqlarına, hərtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsinə, habelə “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarına müsahibəsinə dair materiallar toplanıb.”

Sizi bilmirəm, amma bu SOÇİNİN VALDAY ŞƏHƏRİ məsələsi mənə LİSSABONUN SAMMİT ŞƏHƏRİ məsələsini xatırlatdı. Həmin vaxt bu ifadəni işlədən şəxs hoydu-hoyduya qoyuldu, bir müddət keçəndən sonra isə, bütün sədaqət göstəricilərinə rəğmən, vəzifəsini təhvil verməli oldu. Baxmayaraq ki, həmin vaxt belə səhvin yer alması indikindən daha başa düşülən idi. Axı həmin hadisə 90-cı illərdə baş vermişdi. Azərbaycan müstəqilliyini yeni əldə etmişdi, dünyaya inteqrasiya prosesinə yeni başlamışdıq. Bəzi jurnalistlərin müasir siyasi terminalogiya məsələsində, dünya coğrafiyasının incəliklərində səhvləri qəbul edilməsə də, hər halda başa düşülən idi. Üstəlik həmkarlarımızın kompüter təhcizatı və internetə çıxışı da, demək olar ki, yox səviyyəsində idi.

SOÇİNİN VALDAY ŞƏHƏRİNƏ gəldikdə isə. Hamımız gözəl xatırlayırıq ki, Soçidə keçirilən “Valday” beynəlxalq Diskussiya Klubunun 16-cı illik iclasının plenar sessiyasında çıxış edən Prezident İlham Əliyev tarixi çıxış edərək, torpaqlarımızı işğal etmiş Ermənistanın rəhbərinə tutarlı cavab verdi və həmin toplantının adını Azərbaycanın diplomatiya tarixinə yazdı. Üstündən aylar keçsə də, nə ölkəmizdə, nə də düşmən düşərgəsində “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi gündəmdən düşmür. Amma...

Çox uzatmayıb elə həmin əmmalardan yazaq. Əvvəla, heyf ki, ölkəmizdə hətta dövlət başçısı haqqında, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında, ölkəmizin və xalqımızın digər ümdə məsələləri haqqında yazan, danışan, görünən soydaşlarımız belə bəzən məsuliyyəti dərk etməyərək, çox ciddi səhvlərə yol verirlər. Onların öz səhvləri bir yana, onlara bu işi tapşıranların zəif nəzarəti də özünü göstərir. Kənardan baxanda elə təsəvvür yaranır ki, Azrbaycan jurnalistikasında səviyyəli qələm əhli tükənməkdədir. Elə bu əhval-ruhiyyənin nəticisidir ki, cəmiyyətimizdə “zurnalistlər” ifadəsi yer almağa başlayıb. Əlbəttə ki, bu mənim özümü də, və müasir Azərbaycan jurnalistikasının tanınmış səviyyəli mütəxəssislərini ağrıtmaya bilməz. Amma...

Bəli. Daha bir amma isə ondan ibarətdir ki, bu problemin həllində biz acizik. Bu sahənin hakimi-mütləqləri vəziyyətin acınacaqlı olmasını ya dərk etmir, ya da buna göz yumurlar. Sahənin kuratorları dəyişsə də, vəziyyət hələ də dəyişməz olaraq qalır. Hesab edirəm ki, cəmiyyətimizdəki reallıqları, bu şəxslərin səhvlərinin Prezidentin fəaliyyətinin işıqlandırılmasında da mənfi təsirini göstərməsi və ümumiyyətlə, ciddi jurnalistikanın beynəlxalq aləmdə də ölkəmizin təbliğatında mühüm mexanizmlərdən birinin olmasını nəzərə almaqla, MƏSƏLƏYƏ ƏN YÜKSƏK SƏVİYYƏDƏ MÜDAXİLƏYƏ EHTİYYAC VAR. Ölkədə fəaliyyət göstərən əksər media qurumlarının kifayət qədər yüksək rütbəli havadarlarının olduğunu və həmin havadarların məsələyə nəzarəti həyata keçirməkdə çətinliklə üzləşdiyini nəzərə alaraq, bu işə ölkənin Birinci şəxsinin birbaşa müdaxiləsinə ehtiyyacın duyulduğu göz qabağındadır.

KİV-ləri istənilən ölkədə cəmiyyətin güzgüsü adlandırırlar. Bizim “güzgümüzün” səliqəli və təmiz olması üçün maddi baxımdan lazım olan tədbirlər həyata keçirilir. Evlər tikilir, müxtəlif mükafatlar verilir, müxtəlif media qurumlarının sayı artır. Amma nəticə özünü “Soçinin Valday şəhərində” göstərir. Bu isə Azərbaycan jurnalistikası üçün utanc gətirən bir haldır. Axı Azərbaycan müharibə şəraitindədir. Bütün sahələrdə olduğu kimi, jurnalistikada da düşmənlə mücadilə davam edir. Bu cür səhvlərlə düşmən dəyirmanına su töküb özümüzü səviyyəsiz göstərməyək! Ayıbdır! Vallah ayıbdır! Ölkəmizdə görülən işlərdən ayıbdır! Azərbaycanın uğurlarından ayıbdır! Səngərdə düşmənlə üz-üzə duran döyüşçülərimizdən ayıbdır! İstənilən beynəlxalq platformada düşmənimizi MAT qoyan Prezidentdən ayıbdır!

Nadir Şəfiyev, Vetenxeber.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu