Təbiətin oyanış fəslində Qarabağa ağac ianə edərək dirçəlişə töhfə ver!


Qarşıdan Azərbaycan xalqının təntənəli şəkildə qeyd etdiyi, eyni zamanda Yeni ilin başlanğıcı hesab olunan Novruz bayramı gəlir. Novruz bayramının gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü kimi qəbul edilir. Heç şübhəsiz dünyada heç nə təbiətin rəngləri, səsləri və gözəllikləri ilə əvəz oluna bilməz. Bahar bayramı münasibətilə hər birimiz doğma Qarabağ üçün ağac ianə edərək işğaldan azad edilən ərazilərdə təbiətin dirçəlişinə və yenidən oyanışına dəstək ola bilərik.


Bunun üçün Fondun veb səhifəsinə (qdf.gov.az) daxil olub istər öz, istərsə də təbrik etmək istədiyiniz şəxsin adını qeyd edib, daha sonra ağac sayını seçərək ianə etmək kifayətdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi humanitar fəlakətlə yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyi faktını da üzə çıxardı.
Məlumdur ki, vurulan zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ətraf mühitinə böyük ziyan dəyib.
Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ekoloji tarazlığın bərpası məsələsi əsas prioritet istiqamətlərdən biridir.

Xatırladaq ki, işğaldan azad edilən ərazilərdə ekoloji tarazlığın və biomüxtəlifliyin bərpası məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında “Əməkdaşlıq Memororandumu” imzalanıb.

Bu əməkdaşlıq çərçivəsində Zəngilanda “Zəfərdən Dirçəlişə” adlı meşə massivinin salınması layihəsinə start verilib. Qarabağ meşələrində əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı kimi ağacların əkilməsi nəzərdə tutulur. Ağacların əkilməsi prosesi mərhələli şəkildə davam etməkdədir. Təbiət obyektlərinin bərpası üzrə layihələr işğaldan azad olunan digər ərazilərdə də davam etdiriləcək.

Dəyərli həmvətənlərimiz, Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq.

Novruz bayramınız mübarək!
Qarabağı birlikdə daha YAŞIL bərpa edəcəyik!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu