REAL və AĞ Partiyanın hesabatları gündəm oldu


Respublikaçı Alternativ Partiyasının (REAL) və AĞ Partiyanın son hesabatının sosial şəbəkədə paylaşılması müzakirələrə səbəb olub.


İqtisadçı-ekspert Allahverdi Aydın paylaşımında qeyd edib ki, müxalifət təmsilçiləri xərclədikləri 5-10 manat pulun hesabatını cəmiyyətə vermək istəmirlər, amma hakimiyyət təmsilçilərindən milyonların hesabatını istəyirlər.

“Hakimiyyət təmsilçilərini şəffaf olmamaqda ittiham edən müxalifət təmsilçilərinin özləri nə qədər şəffafdır?

Nümunə üçün, sosial şəbəkələrdə aktiv olan iki müxalifət partiyasının sonuncu maliyyə hesabatını paylaşıram. Hər iki partiyanın ofisi də var, fəaliyyəti də. AĞ Partiyanın hesabatında il ərzində 0 manat, REAL Partiyasında isə cəmi 45 manat gəlir və xərci olduğu yazılıb.

Partiyanın ofisi varsa, heç nə etməsələr belə, ən azından işıq pulu ödəməlidirlər axı?! Amma hesabatda yoxdur”, - deyə jurnalist qeyd edib.



Paylaşıma REAL Partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli cavab verib:

“Bizim qeydiyyatımız sentyabrda olub, hesabat cəmi üç ayı əhatə edib. İndi tam bir illik hesabatı dərc edəcəyik. Ölkədə ilk dəfə belə geniş hesabat görəcəksiniz”.



Məsələ ilə bağlı AĞ Partiyanın sədri Tural Abbaslı saytımıza açıqlamasında bildirib ki, bu, Mərkəzi Seçki Komissiyasına verilən hesabatdır:

“Nə dövlət bizə pul ayırır, nə də üzvlük haqqı alırıq. Bizim dostlarımız var, onların xərcləri ilə işlərimizi görürük. Onu da necə göstərməliyik ki?! Bizə ianə edənlər partiya üzvləri deyil, onlar şəxsi dostlarımızdır, bizə verirlər o pulu. Bundan başqa, hansısa iş adamı gətirib müxalifət partiyasına ianə verər? Və yaxud iş adamı müxalifət partiyasının üzvü olar? Yox. Əslində, maliyyə dəstəyi şəxslərə, fərdlərə dəstək kimi verilir.

Biz də öz pullarımızı partiyanın hansısa işlərinə xərcləyirik. Ümumilikdə isə partiyaların bu qədər hesabatlılığı, Vergilər Departamentinə, MSK-ya hesabat verməsi partiyaların nəzarət altına alınması kimi bir mexanizmdir. Əgər partiyaların kənardan şübhəli mənbələrdən maliyyələşməsi olubsa, buna da Dövlət Təhlükəsizlik Xidməti var, o nəzarət etməlidir.

Biz məhsul istehsal etmirik, xidmət göstərmirik ki, burda pul qazanaq. Buna görə mən bu məsələni bir neçə dəfə qaldırmışam ki, partiyaların maliyyə hesabatlılığı anlayışı aradan qaldırılmalıdır. Azərbaycanda qeydiyyatda olan 62 partiyanın səhv etmirəmsə, 60-a yaxınında sıfır olur. Hardan maliyələşir ki?”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu