Kreml sülhməramlılarla bağlı nəbzimizi yoxlayır - Elxan Şahinoğlu


Rus sülhməramlıların Qarabağdan tamamilə çıxıb-çıxmayacağı hələ də müzakirə mövzusudur. İndiyədək sülhməramlılara məxsus bir neçə məntəqənin bağlanması kontingentin Azərbaycandan tezliklə çıxacağını deməyə əsas versə də, bəzi rus siyasətçilərin açıqlaması yenidən şübhələr yaradır.


Baxmayaraq ki, Qarabağda qalan ermənilərin sayı olduqca azdır, bəzi Rusiya yetkililəri sülhməramlılara hələ də ehtiyac olduğunu deyirlər. Rusiya xarici işlər nazirinin müavini, MDB ölkələri ilə əlaqələrə nəzarət edən Mixail Qaluzinin RBK televiziya kanalına müsahibəsində oxşar fikirlər səsləndirib. “Rusiya sülhməramlı kontingentinin Qarabağda olmasına tələb var və bu, gələcəkdə də zəruri olacaq” - deyə XİN yetkilisi bildirib.

AFN.az xəbər verir ki, onun açıqlamasını politoloq Elxan Şahinoğlu şərh edib. "Mixail Qaluzinin açıqlamasını cavabsız qoymaq olmaz" deyən politoloqun fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində Qaluzinin bu sözlərinə cavab verilməlidir: "Bildirilməlidir ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda fəaliyyətinin davam etməsinə ehtiyac qalmayıb. Məsələ burasındadır ki, sülhməramlılarla bağlı açıqlama Qaluzinin şəxsi fikri deyil, Kreml bu yolla yenə nəbzimizi yoxlayır. Deməli, Kremlin Qaluzin vasitəsilə bizə göndərdiyi mesaj cavabsız qalmamalıdır. Cavab mesajında Rusiya prezidenti Vladimir Putinin bu günlərdə Valday konfransında Qarabağla bağlı dediyi “məsələ bitdi” fikri də xatırladılmalıdır".

Qeyd edək ki, ötən həftə Qarabağda olan BMT missiyası açıqlama verərək ərazidə maksimum 50-1000 arası erməninin qaldığını bəyan etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu