ABŞ Türkiyəyə hansı sanksiyaları tətbiq edə bilər? - RƏYLƏR




ABŞ Türkiyəyə qarşı ciddi sanksiyalara hazırlaşır. Son günlər bu barədə prezident Donald Tramp və ölkənin digər rəsmi şəxsləri ardıcıl bəyənatlarla çıxış edir. AFN-in məlumatına görə, daha çox iqtisadi və hərbi sahəyə aid sanksiyalar gözlənilsə də, rəsmi Ankaraya qarşı başqa tələblər də irəli sürülür. Bir qism ABŞ konqresmenləri hətta Türkiyənin NATO üzvlüyündən çıxarılmasını da təklif edir.



ABŞ-ın yeni sanksiya hədələri və Türkiyə iqtisadiyyatına təsiri ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu və ABŞ-ın Cornell Universitetinin professoru, politoloq Ceyhun Mahmudlu ilə həmsöhbət olduq.

Hazırkı siyasi vəziyyəti təhlil edən E.Şahinoğlu AFN-ə bildirdi ki, “Barış Pınarı” əməliyyatı Türkiyə üçün çox vacibdir: “Çünki rəsmi Ankara bu əməliyyata başmasaydı, Türkiyənin Suriya ilə sərhəddi PKK və uzantıları olan PYD , YPG terror təşkilatlarının tam nəzarətinə keçəcəkdi. Odur ki, “Barış Pınar”ı olduqca önəmli addımdır. Düzdür, Ağ Ev bir müddət maneə olduğu üçün əməliyyatın vaxtı uzandı. Amma artıq “Barış Pınar”ı başlayıb. ABŞ, Rusiya və digər bir çox dövlət bu əməliyyata etiraz etsələr də, maneə də olmurlar. Düşünürəm ki, Türkiyə qısa müddətə öz hədəfinə çatmalı və sərhəddin təhlükəsizlik nəzarətini öz üzərinə götürməlidir”.

Elxan Şahinoğlu sanksiyalar və təsiri ilə bağlı da fikirlərini açıqladı. Politoloq qeyd etdi ki, Türkiyə iqtisadiyyatı çox sınaqlardan çıxıb: “Türkiyə özünə güvənən dövlətdir və heç bir sanksiya bu ölkənin iqtisadiyyatını dağıda bilməz. ABŞ yeni sanksiyalarla heç nə qazanmayacaq. Tam tərsi, Türkiyəni strateji tərəfdaş olaraq, daha çox itirəcək. Bu isə Rusiyanın maraqlarına xidmət edir. Nəticədə Rusiya-Türkiyə ittifaqı güclənəcək. Onu da vurğulayaq ki, Tramp rəsmi Ankaranı sanksiyalarla hədələsə də, Rəcəb Tayyib Ərdoğanın dostluğunu da itirmək istəmir. Təsadüfi deyil ki, Türkiyə prezidentini noyabrın əvvəlinə ölkəsinə dəvət edib. Amma bu görüşədək əməliyyat uğurla başa çatmalı və sərhəd təhülkəsizliyi tam təmin edilməlidir”.

Digər müsahib, ABŞ-da yaşayan politoloq Ceyhun Mahmudlu isə AFN-in suallarına cavab olaraq bildirdi ki, Türkiyəyə qarşı son sanksiya hədələri olduqca ciddidir: “Barış Pınarı” çoxdandır gözlənilirdi. Bu, Türkiyənin Suriyada apardığı 3-cü əməliyyatdır. Gecikməsinin də səbəbləri var. Həmin ərazilərə konkret olaraq, ABŞ nəzarət edirdi. Amerikalı hərbçilərlə toqquşmamaq üçün Ağ Evdən icazə almaq lazım idi. Türkiyənin hazırkı dövrdə bu razılığı ala bilməsi gözlənilməz oldu. Çünki ABŞ-ın digər siyasi çevrələri etiraz etdiyi halda, prezident Donald Tramp icazə verdi. Lakin əgər Türkiyə Trampın müəyyənləşdirdiyi çərçivələri keçərsə, sanksiyalar qaçınılmazdır. Düşünürəm ki, Türkiyə o sərhədləri keçəcək”.

C.Mahmudlu qeyd edib ki, Türkiyəyə qarşı sərt sanksiyalar nəzərdə tutulub: “Bu, Türkiyə üçün böyük problemlər yarada biləcək sanksiyalardır, həm iqtisadi, həm də hərbi sahəyə aid olduğu bildirilir. Xüsusən də Türkiyənin iqtisadiyyatına ağır zərər verə bilər. Tramp amerikalı rahib Endryu Bransonla bağlı hadisələri də tez-tez yada salaraq bildirir ki, Türkiyə ağır iqtisadi təzyiqlərin nəticəsində geri addım atmağa məcbur qaldı. Bu, həqiqətən də belədir. ABŞ-ın təsiri ilə türk lirəsi qısa zamanda ucuzlaşdı və Ərdoğan bir müddət sonra Trampın tələbinə əməl etməli, rahibi azadlığa buraxmalı oldu. Ehtimal ki, yeni sanksiyalar da Türkiyəyə çox ciddi təsir edəcək. Çünki hazırda ölkədə iqtisadi vəziyyət onduz da ağırdır: xarici investisiyalar azalar, infilyasiya yüksəlir, işsizlik problemi var. Odur ki, ABŞ-ın sanksiya təhdidləri ciddi qəbul olunmalıdır”.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu