Bir ailədə qadın sağlamdırsa, o ailə xoşbəxtdir - Mama-ginekoloq Fatma Hacıyeva (MÜSAHİBƏ)


Azərbaycanda övladın qız və ya oğlan olması kimi bir ayrımçılığın mövcudluğu, 2, 3 qızı olan ananın qarşısında mütləq bir oğlan doğmaq kimi tələbin qoyulması, oğlanların “düşmən çəpəri”, “ata-ananın cənazəsinin sahibi”, qızların isə “özgə qapısını şenləyən”, “valideyn üçün yük” və s. kimi kateqoriyalara bölünməsi təəssüf ki, hələ də davam edən tendensiyadır. Oğlana sahiblənmək üçün ərlərinin, qayınanalarının və ya özlərinin istəyi ilə hətta dəfələrlə cinsiyyəti bəlli olduqdan sonra qızlarını abort etdirən qadınlar var.


Abort özü tibbi baxımdan qadın orqanizmində müəyyən fəsadlara səbəb olan prosedurdur. Oğlan doğmaq üçün sağlamlığını belə təhlükəyə atan qadınlara müraciət etdikləri həkimlərin münasibəti necədir? Azərbaycanın cins nisbətinin pozulmasına görə dünyada birinci yerdə olması mama-ginekoloqlar tərəfindən necə qarşılanır?

Bu və digər suallarla Elmi-Tədqiqat Mama Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri, Tibb üzrə fəlsəfə doktoru Fatma Hacıyevaya müraciət etdik:

– Fatma xanım, əvvəlcədən deyim ki, istəyirəm bizim müsahibəmiz bir növ maarifləndirici xarakterli olsun. Yəni əgər bu müsahibəni oxuyan hansısa bir ailə qızını abort etmək fikrindən daşınarsa, bu, bizim uğurumuz sayılar. Hansı halda abort edirsiniz: qadının, ailənin istəyi ilə, yoxsa hər hansı göstəriş olduqda?



– Bizim təhlükəsiz abortlar üzrə protokolumuz var. Abortlar xanımların öz istəyi ilə hamiləliyin 12-ci həftəsinə qədər icra olunur. 12-ci həftədən sonra abortlar ancaq tibbi və sosial göstərişlərlə icra olunur. Tibbi göstərişlər ana və döl tərəfindən olur. Döl tərəfindən olanda dölün həyatla uzlaşmayan patalogiyalarında, ana tərəfindən olduqda isə ciddi somativ xəstəliklər olduqda. Sosial göstərişlərə adətən çox təsadüf olunmur. Buna zorakılığa məruz qalmış qadınlarda, məhbuslarda və s. rast gəlinir.
Ümumiyyətlə, hamiləliyin planlanmasına önəm vermək lazımdır. Hamiləliyin baş verməməsi üçün maarifləndirmə aparılmalıdır. Yəni qadınlar öz kontrasepsiya üsullarını düzgün seçməlidir. Bunlar reproduktiv sağlamlığa bağlı məsələlərdir. Reproduktiv yaş dövründə olan xanımlar məlumatlanmalıdır. Kontraseptik üsullar hər qadına, hər ailəyə görə dəyişir. Hesab edirəm ki, ümumiyyətlə, abortlar ancaq tibbi göstərişlə icra olunmalıdır. Abort zamanı hamiləliyin 9-cu həftəsinə qədər poliklinik-ambulator şəraitdə vakuum aspirasiyasından, 9-12-ci həftədə isə yalnız stasionar şəraitdə kürtaj üsulundan istifadə olunur.

– Abort üçün gələn xanımlara hansı tövsiyələri verirsiniz?

– Biz onlara əvvəlcə bütün fəsadlarla bağlı məlumat veririk. Hər qadının orqanizmi eyni deyil, onların fərdi göstərişləri olur. Tibbi tərəfdən qadına olan zərərlər barədə xəbərdarlıq edirik. Hər bir halda, hesab edirəm ki, qadınlarımız məlumatlı olmalıdırlar. Əgər ailədə 3 qız övladı varsa, 4-cü hamiləlik barədə ailə ciddi düşünüb qərar verməlidir. Abort sayı nə qədər az olarsa, bu onu göstərir ki, ailə planlaması var, hamiləliyə qədər olan profilaktik tədbirlər düzgün gedir, xanım qorunma metodlarını düzgün seçib. Bunun özü də ciddi əhəmiyyət daşıyır.

– Abortun qadın orqanizminə hansı zərərli təsirləri var?



– Hər bir müdaxilədə qadın orqanizmində görünən ağırlaşmalar olur. Abortdan əvvəl biz onlara bu barədə ətraflı məlumat veririk. Çünki aborta gedən xanım bilməlidir ki, onun hansı ağırlaşmaları ola bilər. Hətta elə xanımlar var ki, abortun özünün ağırlaşmasından əlavə, risk qrupuna düşürlər. Məsələn, son dövrlər qeysəriyyə yolu ilə doğuşa üstünlük verildiyindən, uşaqlıqda ikiqat, üçqat çapıqları olan xanımlar var. Belə xanımlarda risk daha yüksəkdir. Ümumən abort texniki cəhətdən düzgün icra olunursa, göstərişlər nəzərə alınırsa, risklər də az olur. Bu da asılıdır abortu icra edən mama-ginekoloqun səriştəsindən, bacarığından, biliyindən, zamanında hamilə qadının vəziyyətini dəyərləndirmə qabiliyyətindən. Hər bir əməliyyatda olduğu kimi, abortda da fəsadlar ola bilər. Abort özü kifayət qədər ciddi bir manipulyasiyadır. Çalışmaq lazımdır ki, buna heç ehtiyac olmasın.

– Dünyada bu qədər nəhəng bir tərəqqi varkən, sizcə, cəmiyyəti qadın-kişi, qız-oğlan kimi mənasız anlayışlara bölmək nə qədər doğrudur?

– Bu yaxınlarda mən bir xəbər oxudum ki, 2024-cü ildə keçiriləcək olimpiya oyunlarında kişilərlə qadınların sayı 50/50-yə olacaq. Bu, artıq bəşəriyyətin bu ayrımçılığa münasibətidir. Qızlarımız bizim yaraşığımızdır. İndi xanımlar elmdə, təhsildə, idmanda, həyatın bütün sahələrində çox inkişaf ediblər. Məncə, övladın qız və ya oğlan olması düşüncəsi çox primitiv bir düşüncədir. Əsas odur ki, dəyərli bir şəxsiyyət olsun, ölkəsinə, vətəninə layiqli xidmət etsin. Belə fikirlər əvvəllər vardı. Bəlkə də bölgələrdə bu barədə fikirlər ola bilər.



– Deyirsiniz ki, övladı oğlan-qıza ayırmaq primitiv bir düşüncədir və artıq keçmişdə qalıb. Niyə belə düşünürsünüz, işinizdəki təcrübəyə əsasən bu fikirdəsiz? Yəni demək olarmı ki, cins seçimi edən xəstələrinizin sayı azalıb?

– Bəli, mən bunu, ümumiyyətlə, şöbəmizə olan müraciətlərə, icra olunan manipulyasiyalara əsasən deyirəm. Amma onu da deyim ki, biz 3-cü səviyyəli perinetal mərkəzik, daha çox ixtisaslaşmış müəssisəyik. Bizim kontingent başqadır. Ona görə də bura belə müraciətlər az olur. Ola bilər birinci səviyyəli doğuşa yardım müəssisələrinə selektiv abort üçün gedənlər çoxdur.

– Doktor, elə hallar olurmu ki, əri və ya qayınanası ilə aborta gələn xanım sizinlə tək qaldıqda ağlayıb desin ki, bir bəhanə tapın, uşaq qalsın, mən abort istəmirəm?

– Çox sayda belə hadisələr olur. Hətta elə hallar da olur ki, baxıram normal uşaqdır, ananı dilə tuturam ki, aborta getsən sənin üçün bu risklər var, qoy hamiləlik davam etsin. Bir neçə gün əvvəl İnstagramda bir xanım mənə qaraşın, şirin bir qızın fotosunu göstərib deyir ki, Fatma xanım, bu sizin uşağınızdır. Sizin sayənizdə bunu abort etmək fikrindən daşındım. Əslində mən özüm abort icra etmirəm, ancaq göstərişlə gələnləri edirəm. Bu da o zaman olur ki, anada və ya uşaqda ciddi problem olur.

– Qanunla aborta icazə varmı?

– Bəli, var. Bayaq da qeyd etdiyim kimi, 9-cu həftəyə qədər ambulator, 12-ci həftəyə qədər stasionar. Selektiv abort isə qəti qadağandır. Mütləq göstəriş olmalıdır. Əgər döldə problem varsa, bu, üç ultrasəs müayinəsi ilə təsdiq olunmalıdır.
Bir neçə gün əvvəl mən qeysəyyə yolu ilə bir doğuş qəbul etdim. Burada uşaqda 19-cu həftədən yüngül formalı ürək qüsuru aşkar olunmuşdu. Ailə bunu bilmişdi, çox məlumatlı bir ailədir. Araşdırıb öyrənmişdilər ki, bu qüsur zamanla aradan qaldırılan problemdir, 6 aydan sonra əməliyyatla həll olunacaq. Özü də uşaq qızdır. Yəni demək istəyirəm ki, qüsurlar da ana bətnində identifikasiya olunmalıdır. Elə qüsurlar var ki, onlara görə hamiləliyi yarımçıq sonlandırmaq olmaz.

– BMT-nin Əhali Fondunun açıqladığı rəqəmlərə görə, hazırda Azərbaycan dünyada hər 100 qıza 112 oğlan uşağı nisbətində (2021-də 100 qıza 116 oğlan) olmaqla, doğulan uşaqlar arasında cinsə görə nisbətin ən çox pozulduğu ölkədir. Sizcə, səbəb yalnız selektiv abortlardırmı?

– İndi köməkçi reproduktiv texnologiyalar da inkişaf edib. Məsələn, süni mayalanmalar zamanı da ola bilər ki, cins seçimi etsin valideynlər. Bu artıq mümkündür. Mənim bir xəstəm var, birinci övladı qızdır, normal yolla doğulub. İkinci hamiləliyi süni mayalanma ilə baş tutdu. O, oğlan seçimi etdi.

– Fatma xanım, sizin özünüzün övladınız varmı? Şəxsi münasibətiniz necədir cins seçimi edənlərə?

– Mənim bir oğlum, bir qızım var. Oğlum tələbədir, qızım orta məktəbdə oxuyur. Mənim üçün əsas odur ki, xeyirli övlad olsun, sağlam olsun, həyatda öz yerini tutsun, uaqlar arasında oğlan-qız fərqi qoymaq düzgün deyil.

– Sosial Tədqiqatlar Mərkəzi bugünlərdə çox maraqlı bir sorğu keçirib. Sorğuda respondentlərdən qadınlara aid üç fikirdən hansı ilə daha çox razılaşdıqları soruşulub. Onlar “qadınların əsas işi ailə və uşaqlara baxmaq”, “qadınlar iş həyatında və ictimai həyatda iştirak etməlidir”, “qadınlar həm iş həyatı, həm də ailə həyatında fəal olmalıdır” olmaqla qruplaşdırılıb. Verilən cavablarda ciddi gender fərqləri üzə çıxıb. Belə ki, qadınların əsas işinin ailə və uşaqlara baxmaq olduğunu düşünənlər kişilər arasında 20,7 faiz, qadınlar arasında isə 8,1 faizdir. Onların həm iş, həm də ailə həyatında fəallığının vacibliyini vurğulayanlar isə, əksinə, qadınlar arasında daha çoxdur. Qadınların 88,2 faizi, kişilərin isə 71,2 faizi bu fikirlə razılaşıb. Siz işləyən bir xanım kimi, necə hesab edirsiniz, yemək bişirmək, uşağa baxmaq, evi təmizləmək işləməsinə baxmayaraq ancaq qadınınmı işidir?

– Bilirsiniz, hər bir xalqın özünəməxsus ənənələri, dəyərləri var. İstər-istəməz bu ənənələr həyatımıza da yansıyır. Bu da bizim mentalitetimizdən irəli gələn bir düşüncədir. Sizə bir misal deyim. Biz ultrasəs müayinəsində baxanda uşağın burun sümükləri görünməlidir. Əgər görünməsə, bu, qüsur kimi qəbul edilə bilər. Amma Çində burun kişik olduğuna görə sümüklər görünmür. Ona görə də xalqa görə fiziki göstəricilərdə olduğu kimi, ənənələrdə də özünəməxsusluq var. Bizim mentalitetimizə görə, xanımlar hər zaman fədakar olub, ailəsinin qayğısına qalıb, çalışıb ki, ailədə bütün yükü öz çiyninə götürsün. Azərbaycan qadını qoçaqdır, mərddir, məğrurdur, dözümlüdür, fədakardır. Bu bizim genimizdən gəlir.
Amma iş xanımlarının ailəsi ona kömək etməlidir. Övlad böyütməkdə, ailənin davam etməsində qadın və kişinin məsuliyyəti, iş bölgüsü 50/50-yə olmalıdır. Onlar ailədə olan bütün sosial problemləri bərabər həll etməlidirlər. Bu da əsasən kişilərlə bağlıdır. Ailədə kişilər bu baxımdan sağlam atmosfer yaratmalıdır.
Sevindirici haldır ki, indiki gənclər bunu başa düşürlər. İndi çox az ailə tapılar ki, kişi ailənin bütün yükünü qadının üzərinə atsın. Amma əsas bir problem mövcuddur ki, bəzi kişilər xanımlarının işləməsinə imkan vermirlər.
Mən qadın həkimiyəm. Qadın doğum həkimi olmaq digər həkimlərdən daha məsuliyyətlidir. Çünki mən ailə ilə işləyirəm, bir ailədə qadın sağlamdırsa, üzü gülürsə, özünü yaxşı hiss edirsə, o ailə xoşbəxtdir, o ailəyə sağlam övlad bəxş olunur, sağlam uşaqlar da sağlam cəmiyyət yetişdirir. Cəmiyyətin güclü olmasında qadınların sağlamlığının böyük rolu var. Dahi Hüsyn Cavid necə deyir:
Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.


Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu