Yeddi yaşlı uşağın ölümündə təqsirləndirilən Mehman Xəlilov təhsil müəssisəsinə necə cəlb olunub?


Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında yeddi yaşlı Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan Mehman Xəlilovun təhsil müəssisəsinə necə cəlb olunduğuna aydınlıq gəlib.


Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, F.Bakarov qeydiyyatdan kənar məşq keçirmiş:

“Aprelin 29-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa Oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilov bir qrup uşaqla sambo məşqi keçib. 2016-cı il təvəllüdlü Fərid Bakarov azyaşlı olmasına baxmayaraq, Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdan kənar məşqə cəlb edilib.
Müşahidə kamerasının görüntüsünə əsasən, məşqçi azyaşlıya qarşı kobud rəftar edib. Bir müddət sonra halı pisləşən azyaşlı xəstəxanaya aparılıb. Təəssüf ki, xəstəxanada azyaşlı Fərid Bakarovun həyatını xilas etmək mümkün olmayıb”.

Nazirlikdən bildirilib ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir. Mehman Xəlilov da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olduğundan bu fəaliyyət çərçivəsində ümumtəhsil məktəbinin idman zalında sambo məşqçisi kimi fəaliyyətinə imkan yaradılıb.

“Elm və Təhsil Nazirliyi olaraq azyaşlı övladımızın vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk”, - nazirlikdən qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu