Azərbaycanın yeni bir turizm istiqaməti - NAXÇIVAN


Fars və türk mənbələrində “Nəqşicahan”, yunanca “Naksuana”, pəhləvicə “Naxç”, ərəbcə “Nəşəva” və ya Akçıvan-Naxçıvan-Oğuz ağ ərənlər vətəni, müasir dövrümüzdə NAXÇIVAN...


Adının mənasının necə izah olunmasının fərqi yoxdur bu qədim yurd yerimizin. Əsas olan buranın insanlarının mehriban, gülərüz, qonaqpərvər olması, torpağının hər qarışının, hər daşının, hər qayasının özündə bir tarix, bir hekayə saxlamasıdır.
Naxçıvan mənim üçün bir vətəndaş olaraq gözəlliklərlə dolu cəzbedici Vətən parçası kimi maraqlı olsa da, illərdir turizmdən yazan jurnalist kimi qədim tarixə, rəngarəng və zəngin turizm potensialına sahib olan destinasiya kimi daha cəlbedici idi.
Azərbaycanın ayrılmaz parçası Naxçıvanla ilk görüşüm dekabrın 25-26-da Azərbaycan Turizm Agentliyinin təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin izi ilə” adlı turizm marşrutunun təqdimatına həsr olunmuş infotur zamanı baş tutdu.

“Ulu öndər Heydər Əliyevin izi ilə” Naxçıvan turu...

Biz Naxçıvan aeroportuna dekabr ayına xas olmayan günəşli bir havada endik. Səfərimizin sonrakı günlərində naxçıvanlılar zarafatla deyirdilər ki, “Bakının günəşini özünüzlə gətirmisiz. Sizin gəlişinizdən əvvəlki gün hava çox şaxtalı və küləkli idi”.
Naxçıvan bizi gülərüz, mehriban insanları ilə birlikdə çox isti qarşıladı. Azərbaycan və Dünya Turizm Bələdçiləri assosiasiyalarının üzvü, “Naxşıvan Travel” şirkətinin rəhbəri Natiq Paşayevin bələdçiliyi ilə şəhərin təmiz, səliqəli küçələrini keçib “Ulu öndər Heydər Əliyevin izi ilə” adlı turizm marşrutunun ilk nümayiş obyekti olan Heydər Əliyev Muzeyinə yaxınlaşırıq. Əvvəlcə Ümummilli liderin heykəli önünə gül dəstələri düzüb daha sonra muzeyə daxil olduq. Qeyd edim ki, burada Heydər Əliyevin həyatını və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən 5 mindən çox eksponat toplanıb. Eyni zamanda Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, rəhbər vəzifələrdə işlədiyi dövrə aid sənədlər, imzaladığı qərar və sərəncamlar, iş otağında istifadə etdiyi telefon, qələm, çıraq, müxtəlif əlyazmalar və digər maraqlı eksponatları da muzeydə görmək mümkündür.
Marşrut üzrə ikinci nümayiş obyekti Naxçıvan Dövlət Milli Dram Teatrıdır. Bizim bu mədəniyyət ocağı ilə daha geniş tanışlığımız burada “Ulu öndər Heydər Əliyevin izi ilə” adlı turizm marşrutunun təqdimatı münasibətilə təşkil edilən təqdimat mərasimi zamanı baş tutdu. 1922-ci ildən Dövlət Milli Dram Teatrı statusu ilə fəaliyyət göstərən bina öz genişliyi, müvafiq daxili quruluşu ilə müxtəlif tədbirlərə ev sahibliyi edir. Hazırda Cəlil Məmmədquluzadənin adını daşıyır.
Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi də təqdimatına toplaşdığımız turizm marşrutuna daxildir. Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsinin və ailə üzvlərinin məzarı üzərində ucaldılan məqbərə müasir dövr abidəsi olsa da, özündə Naxçıvan memarlığının ənənələrini daşıyır. Burada onun 1919-cu ilə qədər yaşadığı evdə yaradılmış muzeylə də tanış olmaq mümkündür.
Səndən ayrıldığım zaman o gözəl,
Tatlı, süzgün baxışların guya
Pək dərin bir sükut içində bana
Demək istərdi: “Get, fəqət tez gəl!”

Şairin öz təbiri ilə desək, bir daha gəlmək amacı ilə oradan ayrılıb, marşrut üzərində yerləşən digər məkana – Bəhruz Kəngərli Muzeyinə tərəf yol alırıq.

Bəhruz Kəngərlinin tarixi xidməti – 22 avtoportretin hekayəsi...

Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərli həm də avtoportret janrına müraciət edən ilk Azərbaycan rəssamı olub. 2 mindən çox rəsm əsərinin müəllifi olan rəssam cəmi 30 il ömür sürüb. Muzeydə 63-ü rəssamın əsərlərinin orjinalı olmaqla, 1300-dən artıq eksponat nümayiş etdirilir. Muzey bələdçisi bizimlə çox maraqlı bir məlumatı da paylaşdı ki, Bəhruz Kəngərli 1918-ci ildə ermənilərin Qərbi Azərbaycandan qovduğu həmvətənlərimizi küçədə gördüyü zaman onların portretini çəkər, eyni zamanda evsiz-eşiksiz, əşyasız, paltarsız qalan bu insanlara mümkün qədər yardım edərmiş. Hazırda muzeydə 22 ədəd belə əsər nümayiş etdirilir. Bu, eyni zamanda Bəhruz Kəngərlinin öz xalqı qarşısında olduqca böyük xidmətidir. Bu gün bu əsərlərə tamaşa edəndə bir daha əmin oluruq ki, o vaxtdan bir əsrdən artıq zaman keçsə də, erməni xisləti dəyişməyib. Əsrin əvvəlində qərbi azərbaycanlıları doğma dədə-baba yurdlarından didərgin salan mənfur qonşularımız eyni vəhşiliklə əsrın sonlarında Dağlıq Qarabağ və ətraf 7 rayonda da insanlarımızı qətlə yetirdi, tarixin ən böyük soyqırımlarından olan Xocalı qətliamını törətdi, sağ qalanları qovub çıxardı. Lakin 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə cəmi bir günlük antiterror əməliyyatı ilə Azərbaycanın rəşadətli ordusu düşməni darmadağın etdi, bütün torpaqlarımızı azadlığa qovuşdurdu. Bir gün Qərbi Azərbaycan torpaqlarının da öz gerçək sahiblərinə qovuşacağı diləyi ilə muzeydən ayrılırıq.
Onu da qeyd edək ki, 1929-1938-ci illərdə Heydər Əliyev bu binada fəaliyyət göstərən pedaqoji texnikumda təhsil alıb. Muzeyin Heydər Əliyev xatirə otağında onun təhsil illərinə aid sənədləri əks etdirən sərgi də var.
“Heydər Əliyevi izi ilə” növbəti baş çəkdiyimiz məkan Zaviyə-Mədrəsə binası oldu. Bu bina Naxçıvan şəhərinin qədim tarixi-memarlıq nümunələrindən biri sayılır. Binanın zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. Sovet dövründə burada Naxçıvan şəhər Pionerlər evi fəaliyyət göstərib. Həmin dövrdə Heydər Əliyev burada təşkil olunmuş şahmat, musiqi və dram dərnəklərinin üzvü olub. Hazırda binada Naxçıvan Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir.

XII əsr Şərqində qadına hörmətin təzahürü - Möminə Xatın türbəsi

Əcəmi seyrangahında yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın türbəsi və Açıq Səma Altında Muzey Kompleksi Naxçıvana təşrif buyuran qonaqların ilk olaraq görmək istədiyi məkanlardandır. Memar Əcəminin ən gözəl əsərlərindən olan türbə Şərqdə qadının şərəfinə tikilmiş ən qədim abidələrdən biri və XII əsr Azərbaycan milli memarlığının incisi hesab edilir. Türbə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin arvadı Möminə xatının məzarı üzərində ucaldılıb və tikintisi Şəmsəddin Eldənizin oğlu Cahan Pəhləvan tərəfindən başa çatdırılıb. 2003-cü ildə Möminə Xatın türbəsində bərpa işləri aparılıb. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir.
Kompleksin bir hissəsini təşkil edən Açıq Səma Altında Muzeydə əksəriyyətini qoç fiqurları təşkil edən 200-dən çox eksponat nümayiş olunur. Bununla yanaşı, muxtar respublikanın ərazisindən tapılan müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri, daş kitabələr, sütun altlıqları, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr və s. mühafizə olunaraq nümayiş etdirilir.

“Əshabı-Kəhf” – qədim türklərin sitayiş yeri və ya bir təbiət möcüzəsi...

Naxçıvana səfərimizin ikinci günü “Əshabi-Kəhf ziyarətgahı” Dini Mədəni Abidə Kompleksini ziyarətlə başladı. Culfa rayonu ərazisində Haçadağ və Nəhəcir dağı arasında yerləşən bu təbii mağara ziyarətgah kimi zəvvarları qəbul edir. Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piri hesab olunan “Əshabı-Kəhf”in adı ərəb dilindən götürülüb, tərcüməsi “mağara insanları” mənasını verir. Tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır. Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 1998-ci ildə burada aparılan abadlıq-bərpa işləri çərçivəsində zəvvarlar üçün şərait yaradılıb, məscid tikilib və kitabə qoyulub.
“Əshabı-Kəhf”i bir təbiət möcüzəsi də adlandırmaq olar. Çünki buranın insan əli ilə yaradılması qeyri-mümkündür və ilk baxışdan bunu anlamaq olur. Bir-birindən müəyyən məsafələrdə yerləşən mağaralar elə sıldırım qayaların arasındadır ki, hətta qədim insanların burada yaşaya bilməsinə, girib-çıxmasına inanmaq olmur. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Uzun illər yandırılmış tonqalların təsirindən divarlar xeyli qaralıb. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşi heyvanların hücumundan qoruyurdu.
“Əshabı-Kəhf”in daha bir özəlliyi ziyarət etdikdən sonra insanın ruhuna inanılmaz bir rahatlığın hopmasıdır. Elə bu xüsusiyyətinə görə insanlar niyyət tutub buraya gəlir, qurbanlar kəsir, dualar edir.
“Əlincəqala” tarixi abidəsi də turizm marşrutuna daxil olan məkanlar sırasındadır. Culfa rayonu ərazisində Əlincə dağında 1700 metr hündürlükdə yerləşən və əlşatmaz yerdə tikilmiş qala bütün əzəməti və ehtişamı ilə müxtəlif dövrlərdə mühüm hərbi-strateji əhəmiyyətə malik olub. “Kitabi Dədə Qorqud” dastanında qeyd olunan Əlincəqala Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada min illərlə yaşadığını göstərir.

Vətən sarı baxanda, Ürəyimdən qan axdı...

Marşruta qədim tarixə və zəngin mədəni abidələrə malik olan Ordubad şəhəri də daxildir. Ordubad şəhərinin əsasının nə vaxt qoyulması elmə tam aydın olmadığı kimi, bu şəhərin adının mənşəyi də tam olaraq aydınlaşdırılmayıb. Bu toponimin necə yaranması ilə bağlı tədqiqatçıların müxtəlif fikirləri var. Onların fikrincə, Ordubad sözü müxtəlif dövrlərdə Orduvad, Ortvat, Urdubad, Ourdubad şəklində səslənib.
Ordubad rayonu Arazın sol sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşir. Şəhər Təbrizdən təxminən 94 km şimal-qərbdə və 948 m yüksəklikdədir.
Biz Ordubada varanda günün ortası idi. Yuxarıda da qeyd etdiyim kimi, hava yaz havasıydı. Yol boyu bizi müşayiət edən mənzərədən valeh olmamaq mümkün deyildi. Yolun hər iki tərəfində müxtəlif formalı dağ silsilələri bir-biri ilə elə vəhdət təşkil edirdi ki, sanki dil açıb tarixə ekskurs edəcək, gördüklərini, bildiklərini anladacaqdı. Yolun sağ tərəfində bizi vətənimizin digər yarısı ilə ayıran Araz çayı görünürdü. Qış da sanki sərhəd tanıyırdı: çayın o biri üzündə dağların başı qarla örtülü idi, biz tərəfdə isə günəş qayalarda qəribə bir yaz-yay harmoniyası yaratmışdı.
Arazın o tayındakı Vətəni həsrət dolu maraqla izləyib nisgilli əhvalla yolumuza davam edirik.
Araz gəldi yan axdı,
Dibindən min can axdı.
Vətən sarı baxanda,
Ürəyimdən qan axdı...


Məscid, kəhriz və çinar ağacının vəhdətindən yaranan unikallıq...

Ordubada daxil olduqda ilk diqqəti cəlb edən Qeysəriyyə binasıdır. XVII əsrə aid olan bina öz memarlığına görə Səmərqənd və Təbriz abidələrini xatırladır. Qeysəriyyələrdə, yəni bu cür üstüörtülü bazarlarda sənətkarlar tərəfindən hazırlanmış bahalı mallar, xüsusilə daş-qaş satıldığından onlara əhali arasında “Şərq bazarı” da deyilirdi. Qeysəriyyə binası sonrakı dövrlərdə zorxana, ədəbi məclislərin keçirildiyi məkan kimi fəaliyyət göstərib. Hazırda binada Ordubad Tarix-Diyarşünaslıq Muzeyi yerləşir. Burada rayonun tarixinə aid eksponatlar sərgilənir.
Ordubadın zəngin abidələr siyahısına Cümə məscidi də daxildir. Şəhərin mərkəzi meydanının ən hündür yerində ucalan məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Məscidin giriş qapısı üzərindəki kitabə onun tikilmə tarixinin XVII əsrin əvvəllərinə aid olduğuna işarət etsə də, tərtibatı və bəzi elementləri məscidin daha qədimdə tikildiyini deməyə əsas verir. Məscidin bərpası zamanı tapılan kitabəyə əsasən onun əsasının VIII əsrdə qoyulduğ, XVII əsrdə yenidən qurulduğu ehtimal edilir. Kvadratşəkilli yastı damlı məscidin 6 kiçik günbəzi olsa da minarəsizdir. Məscidin planında mərkəzi yeri tutan ibadət salonu onun ən qədim hissəsi kimi diqqəti cəlb edir.
Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə 1-ci Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilib. 1604-cü ilə aid olan bu fərmanda Ordubad qəsəbəsinin bütün əhalisinin bütün növ vergilərdən azad olunması yazılıb.
Onu da qeyd edək ki, məhz bu fərmanın sorağı ilə dünyanın müxtəlif ölkələrindən turistlər Ordubada gəlir, həmin lövhəni öz gözləri ilə görmək istəyirlər.

Ordubadın əlverişli karvan yolları üzərində, Araz çayı sahilində yerləşməsi, ərazinin 3 tərəfdən dağlarla əhatələnməsi onun inkişafını şərtləndirən əsas amillərdən olub. Şəhərin yaşayış evlərinin memarlıq üslubuna Azərbaycanın digər zonalarının heç birində rast gəlinmir. Burada xüsusi cizgiləri ilə seçilən və əhalinin adət-ənənələrini özündə əks etdirən evlərin planı çox rəngarəng və özünəməxsusdur.
Qədim məhəllələr Ordubadı Naxçıvanın digər şəhərlərindən də əsaslı surətdə fərqləndirən cəhətlərdəndir. Ordubaddakı məhəllələrin təkrarı və ya bənzəri dünyanın heç bir yerində mövcud deyil. Küçələr boyu relyefdən asılı olaraq müxtəlif yüksəkliklərdə iki-üç, bəzən isə daha artıq meydan yerləşir. Hər meydanın özündə bir sıra elementləri birləşdirməsi maraq doğurur. Bura məhəllə məscidi, kəhrizlər və meydana xüsusi əzəmət bəxş edən çinarlar aiddir. Məscid, kəhriz və çinar ağaclarına digər yaşayış məntəqələrimizdə də rast gəlmək mümkündür. Lakin Ordubad şəhərindəki vəhdət təşkil edən bu 3 element fərqliliyi və unikallığı ilə öndədir. Təsadüfi deyil ki, indinin özündə də, əsrlər öncə də buraya gələn səyyahlar bu üçlüyün yaratdığı möhtəşəmliyə öz heyranlıqlarını bildiriblər.

****

Turumuzu yekunlaşdırıb aeroporta tərəf yön aldıqda ürəyimizdə Naxçıvan boyda təəssürat götürmüşdük. Hər küçəsi, hər daşı bir tarix, qədimlik nümunəsi olan şəhərdə müasir Azərbaycan memarlığının izlərini də görmək mümkündür. Təmiz və səliqəli küçələri, qonaqpərvər insanları, tarixi mədəni abidələri, yaraşıqlı binaları ilə bu qədim türk yurdu yeni bir turizm destinasiyasına çevrilməkdədir. Tur zamanı baş çəkdiyimiz turizm obyektlərində gördüyümüz peşəkar bələdçi xidməti, aldığımız dolğun məlumatlar da bunu deməyə əsas verir.

Fəxriyyə ABDULLAYEVA


























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu