Nazirlik deputata kompromat savaşı açıb? – Ceyhun Məmmədov: Sifarişdir!


Elm və təhsil naziri Emin Əmrullayevin təhsil sistemi ilə bağlı verdiyi açıqlamalara deputat Ceyhun Məmmədovun reaksiyası gündəm olub.


AFN.az xatırladır ki, nazir “İctimai” TV-yə müsahibəsində “Ən yaxşı təhsil sistemi Sinqapurdadır. Orada bir sinifdə standart olaraq 40 şagird təhsil alır. Keyfiyyəti, hazırlığı yerində olan müəllim hazırlığı yerində olmayan müəllimin 6 uşaqla göstərdiyindən daha yaxşı nəticəni 40 uşaqla göstərir. Bizim təhsil sistemimizin sıxlıq problemi yoxdur. Sıxlıq yalnız bir neçə məktəbdə var” kimi fkirlər səsləndirib.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə mediaya açıqlamasında nazirin fikirlərini tənqid edib. “Biz elm və təhsil nazirinin məktəblərdə sıxlığın aradan qaldırılması ilə bağlı məsələyə daha əsaslı formada yanaşmasını gözləyirdik” – deyən deputat məktəblərdəki sıxlıqdan narazılıq edib: “Mən parlamentdə də məsələni qaldırmışdım ki, bu gün xüsusilə Bakıdakı məktəblərdə çox ciddi sıxlıq var. Sıxlıq özünü Bakı kəndlərində və bəzi rayonlarda da ciddi şəkildə göstərir. Elm və Təhsil Nazirliyi problemdən çıxış yolu axtarmaq əvəzinə, Azərbaycan xalqını bu məsələ ilə barışmağa çağırır, sıxlığın normal olduğunu söyləyir.
Belə bir fikir söyləmək üçün insan ya auditoriyadakı vəziyyətdən xəbərsiz olmalıdır, ya da bu, bilərəkdən real vəziyyəti təhrif etmək məqsədi daşıyır. Məktəblərdəki bu problemi bilmək üçün xüsusi bacarığa, istedada malik olmaq lazım deyil. Mən bu gün universitetdə müəllim işləyirəm, auditoriyada dərs deyirəm, hər il tələbələrin sayı dəyişir. Açıq-aydın görürəm ki, 10, 20, 30, hətta 5 nəfərlə dərs demək nə qədər fərqlidir.
Bu məsələdə dünya standartları, eyni zamanda Azərbaycan reallığı var. Azərbaycan reallığında bir sinifdə 40 tələbənin olması dərslərin keyfiyyətinə çox ciddi təsir göstərir. Burada sadə məntiq var. Məsələn, evə tapşırıq vermisiniz, yaxud mühazirə keçmisiniz, tələbələrdən dərs soruşursunuz. Bir var ki, 45 və ya 90 dəqiqə ərzində siz 10 tələbəyə vaxt ayırırsınız, onlardan dərs soruşursunuz, bir də var ki, 40 tələbədən. Bu, həm dərsin keyfiyyətinə ciddi təsir edir, həm də birmənalı olaraq 40 nəfərlik auditoriyanı idarə etmək daha çətindir, xüsusilə, indiki vəziyyətdə. Sözün açığı, belə bir açıqlamanın verilməsi qəbuledilən deyil”.
Deputat qeyd edib ki, nazir Emin Əmrullayevin açıqlaması real vəziyyətlə uyğun gəlmir: “Hesab edirəm, bu kimi açıqlamalar verilərkən çox ehtiyatlı və diqqətli olmaq lazımdır. İnsanları bu vəziyyətlə barışmağa yox, mərkəzi icra hakimiyyəti kimi aidiyyəti qurumlar qarşısında məsələ qaldırmalıyıq ki, məktəblərdəki sıxlıq aradan qaldırılsın. Sıxlığın həlli yolu ondan keçir ki, yeni məktəblər tikilsin, yaxud hər bir şagird öz bölgəsindəki məktəbdə təhsil alsın. Belə məsələlərin cəmiyyətə açıq-aydın ötürülməsi stereotiplərin qırılması deyil, əslində, Azərbaycan təhsilinə yanaşmanın düzgün və sağlam olmamasının göstəricisidir”.

Maraqlıdır ki, deputat C.Məmmədovun bu fikirləri mediada dərc edildikdən sonra redaksiyamızın e-mail ünvanına onun haqqında bəzi kompromat xarakterli məlumatlar daxil olub. “Təhsildə E.Əmrullayevin "Sinqapur", yoxsa C.Məmmədovun "Ərəb modeli"? başlığı altında anonim imza ilə daxil olan yazıda nazir E.Əmrullayevin xarici təhsilli olması təqdir edilir, deputatın təhsil karyerası tənqid edilir: “...E.Əmrullayevin Azərbaycan təhsil sistemində müasir ölkələrin modelinin tətbiqinin tərəfdarı olması sirr deyil. Necə deyərlər, aşıq gördüyünü çağırar. Belə ki, KİV-lərdə yayınlanmış tərcümeyi-halından göründüyü kimi, Əmrullayevin yetişməsi əsasən qabaqcıl dünya təhsil sistemində baş verib. O 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsini bitirdikdən sonra 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə və 2010–2012-ci illərdə isə "Xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı"nın dəstəyi ilə dünya təhsil reytiniqinin ilk onluğuna daxil olan Kolumbiya Universitetinin İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.
Bəs Ceyhun Məmmədovun təhsil təcrübəsi ona dünya təhsil praktikası haqqında fikir yürütməyə imkan verirmi?
Apardığımız araşdırma bununla əlaqədar ilginc və gözlənilməz nəticələr üzə çıxarıb. Belə ki, deputatın rəsmi tərcümeyi-halında onun birbaşa magistr təhsilli olması və bu təhsili Xəzər Universitetində 2000-2002-ci illərdə aldığı qeyd olunur. Lakin magistr dərəcəsinə yiyələnmək üçün öncə bakalavr pilləsində təhsil alınmalıdır. Elə məcara da buradan başlayır. Belə ki, internetdə yayılan məlumatlara görə, C.Məmmədov bakalavr təhsilini iki dəfə almaq məcburyyətində qalıb – birinci dəfə 1991–1994-cü illərdə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksinin Dəvət və İrşad İnstitutunda, daha sonra isə 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyətində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq.
Birincisi, qeyd olunmalıdır ki, nə Suriyanın, nə də Liviyanın adıçəkilən təhsil müəssisələri Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınmamışdır. İkincisi, çətin ki, bu təhsil mərkəzləri (adından göründüyü kimi, heç birində universitet anlayışı belə keçmir) dünya təhsil sistemi tərəfindən də qəbul olunsun. Ən azından ona görə ki, hər iki ölkə o dövrdə beynəlxalq sanksiyalar altında idilər (elə indi də elədir). O dövrlərdə həmin ölkələrdə təhsil almış keçmiş tələbələrdən alınan məlumata əsasən isə elə məhz sadalanan səbəblərdən bu ölkələrdə diplomlar xarici tələbələrə rahatlıqla satılırdı. Görünür, Suriyada aldığı diplomun problemli olması deputatı eyni sahə və eyni pillə üzrə Liviyada da təhsil almağa vadar edib. Problem ondadır ki, Liviyanın da sözügedən fakultəsi (yeri gəlmişkən, mətbuatda hansı universitetin fakultəsi olmasi belə göstərilmir) Azərbaycan təhsil sitemi tərəfindən tanınmayıb.
2000-ci illərin əvvəllərində təhsil sistemində hökm sürən dərəbəylik hallarında belə tanınmamış diplomlarla univeristetlərə qəbul olmaq olardı, lakin deputatın təhsil sənədləri görünür, elə bərbad halda olub ki, bu şəraitdə belə o dövlət universitetinə deyil, məhz özəl müəssisəyə qəbul olunub.
İndi ortaya çıxan əsas sual budur – əcəba Emin Əmrullayevin "Sinqapur modelindən" narazılığını ifadə edən deputat, öz təcrübəsindən irəli gələrək “Ərəb modeli”nin təbligi üçünmü çıxış edir? Yoxsa CV-sini səhmana salmaq üçün Təhsil Nazirliyindən Suriya və Liviya diplomlarının təsdiqlənməsinimi gözləyir?
Hər halda, Təhsil Nazirliyinin deputatın diplomaları ilə bağlı məsələyə aydınlıq gətirməsi həm ictimai maraq, həm də dövlət rəsmilərinin təhsil sənədlərinin Azərbaycan qanunvericiliyinə uyğunluğu baxımından səmərəli olardı”.
Bütün bu qeyd edilənlərlə bağlı deputat Ceyhun Məmmədovun mövqeyini almaq istədik. Lakin deputat bildirdi ki, bu yazılanlar sifarişli yazılardır: “Sifarişlə yazılan nəyəsə münasibət bildirmək istəmirəm”.

AFN.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu