Naxçıvan Muxtar Respublikasının yaranmasından 100 il ötür


Bu gün Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur.


Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapıb. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr verib.
Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf edib.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə, qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarıb, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirib.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar.
Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti var. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub.
Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərib və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırıb.
Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika yaşıl enerji zonası elan olunub. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ilin 30 dekabr tarixində Naxçıvan Muxtar Respublikasının 100 illiyinin qeyd edilməsilə bağlı sərəncam imzalayıb. Sərəncamla nəzərdə tutulan tədbirlər hazırda reallaşdırılmaqdadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu