Cəfər Qara: Körfəz ölkələri ilə vizasız rejim tətbiq olunsa, Azərbaycanda yeni bir dalğa yaranacaq


Azərbaycan turizminin pandemiyadan sonrakı müddətdə bərpa vəziyyəti, ölkəyə gələn turistlərin sayı, digər ölkələrlə bu sahədə qurulan əməkdaşlıq, hələ də bağlı qalan quru sərhədlərimiz hazırda turizm sektoru təmsilçilərinin gündəmində duran ən vacib məsələlərdir. Mövcud problemlər və qarşıda duran vəzifələr barədə suallarımızı “Zakher” travelin rəhbəri Cəfər Qara cavablandırır.


Qeyd edək ki, “Zakher” travel son vaxtlar Gürcüstanda, Türkiyənin bir neçə şəhərində, Orta Asiya respublikalarında ofislər açıb.

- Qonşu ölkələrdə fəaliyyətinizi genişləndirməyiniz nə ilə bağlıdır?

- Türkiyə turizmdə öz sözünü demiş və hər zaman rekordlarını yeniləyən ölkədir. Təkcə İstanbulda Ayasofiya muzey-camisinə ildə 10 milyondan çox turist gəlir.
Biz şirkət olaraq Türkiyə turizmində təmsil olunuruq, Trabzonda, İstanbulda ofisimiz fəaliyyət göstərir. Körfəz ölkələrindən gələn turistləri qarşılamağa hazırlaşırıq. Bütün yaxşı təcrübələrdən yararlanmağa çalışırıq. Türkiyə Turizm Assosiasiyasına (TURSAB) üzv qəbul olunduq bu yaxınlarda. Türkiyə ilə digər xarici ölkələrdə keçirilən turizm sərgilərində birlikdə iştirak etməyi planlaşdırırıq. Bu istiqamətdə danışıqlar aparılır hazırda.

- Deyirsiniz Türkiyədə, Gürcüstanda ofisləriniz fəaliyyət göstərir. Sizin də dediyiniz kimi, Türkiyə turizm sahəsində öz sözünü artıq deyib. Amma Gürcüstanda turizmin inkişafı bizdən sonra başlayıb və təəssüflə qeyd etməliyəm ki, bizi bu sahədə qabaqlayıblar. Bu ölkələrdə turizmin inkişafına dəstək verən hansı şərtlər var ki, onlar bizdə yoxdur? Niyə Azərbaycan turizm imkanları dəfələrlə artıq olan ölkələrdən inkişaf baxımından geridə qalır, nə çatmır?

- Ən birinci maneə bizim də yaralı yerimiz olan hava əlaqələridir, yəni aşağı büdcəli hava yollarının uçuşunun təmin olunmasıdır. “Low cost”lar deyirik ingiliscə. Gürcüstanda Avropa və digər ölkələrdən “Low cost”lar Tiflis hava limanına yox, buradan təxminən 150 kilometr aralıda olan Kutaisi hava limanına uçur. Biz şirkət olaraq gedib Kutaisidən turistləri qarşılayıb Tiflisə gətiririk, burada 3 gün qalırlar, gəzirlər, sonra Batumiyə, Bakurianiyə, Barjomiyə, Qudauriyə və digər istirahət mərkəzlərinə. Sonra yenidən Kutaisiyə qaytarırıq. Təbii ki, hava limanının Kutaisidə olmasının ətraf rayonlara da təsiri olur. Turistlər gəldiyi gün və ölkəsinə qayıtdığı gün bir gün də əlavə qalır, yaxın yerləri gəzir, qalıb dincəlir. Nəticədə bu regionun marketləri, restoranları, alış-veriş mərkəzləri də bu işdən faydalanır.
Biz Gürcüstanda turizm işi ilə məşğul olmağa başlayanda bildik ki, dövlət turizm sahəsini vergidən azad etməyib, amma vergini geri qaytarır. Biz dövlətə ödədiyimiz əlavə dəyər vergisinin 50 faizini ay sonunda geri alırıq. Bu sahibkarları təşviq edir ki, ağ mühasibatlıqla işləsinlər, bütün ödənişlər rəsmi olaraq şəffaf şəkildə hesaba daxil olsun. Sizə bir faktı deyim. Gürcüstanda dövlətdən bizim büdcəmizə qayıdan vergi ilə hazırda 5-8 mart tarixlərində Berlində keçiriləcək olan beynəlxalq turizm sərgisində Gürcüstanı təmsil edəcəyik. Sərgidə Gürcüstan üçün ayrılan sahədə “Zakher” travelin kiçik bir stendi var. Görün vergidən qayıdan məbləğ bizə nə qədər kömək edir.

- Sərgidən söz düşmüşkən, bu il 20-ci yubiley ilini qeyd edəcək olan Azərbaycan beynəlxalq turizm sərgisi (AİTF) təxirə düşüb. Uzun illər turizm sahəsində çalışan bir mütəxəssis olaraq buna münasibətinizi bilmək istərdim...

- İllərdir biz AİTF sərgisinə gedirdik, orada iştirak edirdik. Biz buna turizmçilərin bir görüş yeri kimi də baxırdıq. Sərginin təxirə düşməsi xəbərini çox böyük təəssüf hissi ilə qarşıladım. Əslində ötənilki sərginin iştirakçı sayına və ekspozisiya sahəsinə baxanda, xüsusilə də illərdir bu sərginin iştirakçıları arasında olan və çox böyük nümayəndə heyəti ilə təmsil olunan Türkiyənin sərgidə iştirak etməməsi bir siqnal idi ki, bu il sərgi olmayacaq. Aldığım məlumata görə, iştirakçı sayı yetəri qədər olmadığına görə 2015-ci ilə təxirə düşüb sərgi. Bir məqamı da qeyd edim ki, 2 ildir müharibə şəraitində olan Rusiya paytaxtında da beynəlxalq sərgi öz işini davam etdirəcək.

- Ötən il mən sərginin zəif təşkil edilməsinin səbəblərinə aydınlıq gətirmək üçün kiçik bir araşdırma apardım. Aidiyyəti turizm qurumlarından belə bir səbəb dedilər ki, təşkilatçı şirkət ekspozisiya sahəsi üçün yüksək qiymət təklif edir, turizm qurumlarının da buna imkanı çatmır. Bilirsiniz ki, AİTF və ölkəmizdə keçirilən bütün sərgilərin təşkilatçısı “İteca Caspian”dır. Şirkətin digər ölkələrdə təşkil etdiyi turizm sərgilərinin durumu necədir?

- Qazaxıstan, Özbəkistan, Moskvada keçirilən turizm sərgilərinin təşkilatçısı idi bu şirkət. Bu il, bildiyim qədər, beynəlxalq sanksiyalar səbəbindən bu ölkələrdə də təşkilatçı şirkət “İteca Caspian” deyil. Bu ölkələrdə işi digər sanksiya tətbiq olunmayan şirkətlərə ötürüblər. Bizdə isə vəziyyət belədir. Əslində bu şirkət Azərbaycanda fəaliyyətini davam etdirir, digər sərgiləri təşkil edir. Bir turizmçi olaraq bizə təsir edən odur ki, turizm sektoru o qədərmi zəifdir ki, digər sərgilər davam etdiyi halda, məhz turizm sərgisi hansısa səbəbdən təxirə salınır.

- Bugünlərdə Türkiyədə səfərdə olarkən bu ölkənin mətbuatına açıqlamanızda Zəngəzur dəhlizinin açılmasının turizm baxımından əhəmiyyətini dəyərləndirmişdiniz. Türkdilli Dövlətlər Təşkilatına daxil olan ölkələr arasında hazırda bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi gündəmdədir. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması bu təşkilata daxil olan ölkələr arasında turizm əlaqələrinin inkişafına hansı töhfəni verəcək?

- Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvana, oradan da Türkiyəyə bağlayaraq Türk dünyasını bir-birinə birləşdirəcək, bölgədə zənginlik və sosial rifahı təmin edəcək, turizmi inkişaf etdirəcək. Bu dəhlizin açılması ilə Orta Asiya və Avropa arasında Xəzər dənizi və Türkiyə üzərindən keçəcək bir əlaqə formalaşacaq. Dəhliz Türkiyənin yalnız Azərbaycanla deyil, eyni zamanda Yaxın Şərqlə ticarət həcminin artmasına vəsilə olacaq. Həmçinin Türk dünyasının ticari, logistik və siyasi əlaqələri güclənəcək.
Mən bu gün fəxrlə deyirəm ki, rəhbərlik etdiyim “Zakher” travel şirkəti 5 türkdilli ölkədə fəaliyyət göstərir, hər birində ofisimiz var. Əgər Zəngəzur dəhlizi açılarsa, biz eyni turistləri A nöqtəsindən Z nöqtəsinə qədər özümüz müəyyənləşdirilmiş marşrut üzrə gəzdirə bilərik. Yəni həm Özbəkistandan Qazaxıstana gətirib oradan Azərbaycana, sonra Türkiyəyə və yaxud Qırğızıstandan Qazaxıstana, Azərbaycana, Türkiyəyə, yaxud da əksinə, Türkiyə-Azərbaycan-Qazaxıstan-Qırğızıstan-Özbəkistan marşrutu üzrə gətirə bilərik.

- Türkdilli ölkələr arasında turizmin daha çox hansı istiqaməti üzrə ortaq bir turizm layihəsi reallaşdırmaq olar?

- Hər ölkənin daha üstün olduğu istiqamət var. Səmərqəndə dünyanın müxtəlif ölkələrindən ildə milyonlarla turist təkcə mədəni isr nümunələrini görməyə gəlir. Qırğızıstanın gözəl füsunkar təbiəti, yaşıllığı, Qazaxıstanın Tyan-şan dağlarındakı qış turizmi imkanları, hansı ki, ilin 9 ayı burada qar var, Azərbaycanın bütün istiqamətlər üzrə mövcud imkanları, Türkiyənin mədəniyyəti, tarixi, çimərlik turizmi potensialı, daha çox da şoppinq imkanı var.

- Son vaxtlar Körfəz ölkələri ilə, xüsusilə də Səudiyyə Ərəbistanı ilə dövlət qurumları səviyyəsində əlaqələr genişlənir. Amma bu tədbirlərə baxmayaraq ölkəmizə gələn ərəb turistlərin sayında bir azalma var. Sizcə, səbəb nədir?

- Körfəz ölkələri 6 ərəb ölkəsini əhatə edir. Ümumilikdə 22 ərəb ölkəsi var ki, bunun da 6-sı Körfəzdə yerləşir. Bunlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Omandır. Səudiyyə Ərəbistanından ötən il Azərbaycana gələn turistlərin sayı 80675 nəfər olub. Bununla Səudiyyə ölkəmizə gələn vətəndaşlarının sayına görə 6-cı yerdə dayanır. Birinci yerdə Rusiya, ikinci Türkiyə, 3-cü İran, 4-cü Hindistan, 5-ci yerdə isə Gürcüstandır. 10-cu yerdə 45 minlə BƏƏ-dən gələnlərdir, 13-cü yerdə isə 30 minlə Qətər qərarlaşır.
Ərəb turistləri ərəb baharı kimidir. Bir ölkəyə 1-2 il dalbadal gəlirlər, sonra başqa ölkələrə üz tururlar. BƏƏ-nin pasportu dünyada ən güclü pasportudur. Dünyanın 130 ölkəsinə vizasız gedirlər, 35-40 ölkəyə vizanı hava limanında alırlar. Dünyada çox nadir ölkələr var ki, BƏƏ vətəndaşlarına viza tətbiq edir. Bizdə də ötən ildən BƏƏ vətəndaşları üçün viza ləğv olunub. Bundan əvvəl isə hava limanında alırdılar. Hazırda bu istiqamətdə danışıqlar Səudiyyə və Küveytlə aparılır. Körfəz ölkələri ilə vizasız rejim tətbiq olunsa, yeni bir dalğa yaranacaq. Bir faktı da deyim ki, bizim şirkətin vasitəsilə ölkəmizə hər il səfər edən 20-25 ərəb ailəsi var ki, biz onlara zarafatla Azərbaycan aşiqi deyirik. Hara getsələr də ildə 1-2 dəfə mütləq ölkəmizə gəlib müəyyən müddət qalırlar. Soruşanda da deyirlər ki, insanlarınız bizə çox doğmadır, mətbəximizi, təbiətimizi sevirlər. Daha çox yeməklərimizin halal olması onları burada rahat edir.

- Artıq Qarabağ torpaqlarına əhalinin qayıdışı başlayıb, oralarda infrastruktur qurulur. Bu bölgənin təbiəti, sağlamlıq turizmi imkanları hələ sovet dövründən çox populyar idi. Turizm şirkəti olaraq Qarabağ istiqamətində hər hansı layihə, turizm marşrutu reallaşdırmağı planlaşdırırsınızmı?

- Şuşa turları artıq bir ilə yaxındır turizm bazarında var və bütün turizm şirkətlərindən əldə etmək olur. Turizm Reyestrindən keçən şirkətlər Tərtərin Suqovuşan qəsəbəsinə də turlar təşkil edə bilir. Amma bu turlardan yalnız Azərbaycan vətəndaşları istifadə edə bilər. Yəqin ki, gələcəkdə turların sayı artacaq. Ərəb turistlərlə işləyən şirkət olaraq gələcəkdə Kəlbəcərin İstisu sanatoriyasına, Laçının dağlarına turlar təşkil etmək istəyirik. Çünki ərəb turistləri belə turlar daha çox maraqlandırır.

Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu