"Azərsu"da Gənclər Günü münasibətilə tədbir keçirilib




2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində tədbir keçirilib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, əvvəlcə Azərbaycanda dövlət gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur. Ölkəmizdə Gənclər Gününün qeyd olunması gənc nəslin problemlərinin həllinə xüsusi önəm verən, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, gənclər siyasəti ilə bağlı dövlət proqramlarının qəbulu ümummilli liderin gənclərə böyük qayğısının bariz nümunəsi idi.

Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, yüksək ideyalara malik gənclər formalaşır. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi ardıcıl və məqsədyönlü xarakter daşıyır, bu sahədə bir çox dövlət proqramları uğurla icra olunur. Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edən Prezident İlham Əliyev gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına diqqət və qayğı ilə yanaşır. Gəncliyə dövlət qayğısı sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük inamla baxmağa əsas verir.

“Azərsu” ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə çıxış edərək bildirib ki, gənclər siyasəti bütün sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da uğurla həyata keçirilir. Gənc peşəkar kadrların hazırlanması və onların potensialından lazımınca istifadə olunması kimi məsələlərə xüsusi diqqət yetirilir.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov su təsərrüfatında çalışan gənc işçilərin sosial müdafiəsinin gücləndirilməsi və motivasiyasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

“Azərsu” ASC-nin gənc mütəxəssisləri Ayxan Məmmədov və Əminə Qəyyumova gəncliyə göstərilən dövlət qayğısından danışıb, Azərbaycan gəncliyinin xoşbəxt və firavan gələcəyə doğru uğurla addımladıqlarını bildiriblər.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov tədbirə yekun vuraraq son illər “Azərsu” ASC tərəfindən həyata keçirilən bir sıra layihələr üzrə əldə olunan nailiyyətlərdə gənc mütəxəssislərin mühüm rolu olduğunu xatırladıb. Bu uğurların davamlı olması üçün tövsiyələr verən sədr gənc mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda əmək fəaliyyətində fərqlənən gənc mütəxəssislərə fəxri fərmanlar təqdim olunub.

Tədbir iştirakçıları Azərbaycan Gəncləri Günü münasibəti ilə ağacəkmə aksiyasında da iştirak edib. Tədbirin məqsədi gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitin qorunması və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli birgə fəaliyyətə səsləmək olub. Yaşıllaşdırma tədbiri çərçivəsində yüzlərlə ağac əkilib, ərazidə abadlaşdırılma işləri aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu