“Turisti yalnız pul xətrinə cəlb etməyi düşünmək lazım deyil” - ekspert


Turizm ölkələrin tanınmasında, təbliğində mühüm rol oynamaqla yanaşı, dünyada ən gəlirli sahələrdən biri hesab edilir. Bir çox ölkələr bu sektorun inkişafı istiqamətində rəqabət aparmaqla turizm ölkəsi kimi tanınmağa çalışır. Hətta bəzi ölkələr artıq uzun illərdir ki, turizm ölkəsi kimi ilk sırada qərarlaşıb.


Turizm ölkələrinin liderlərindən olan İspaniyaya 2019-cu ilin təkcə 11 ayında 79,3 milyon turist gəlib və ən çox ziyarətçi göndərən ölkələr isə İngiltərə, Almaniya, Fransa, İtaliya, Hollandiya, Portuqaliya olublar. Turizmin inkişaf etdiyi ölkələrdən biri də Türkiyədir. 2020-ci ilin 8 ayında Türkiyədə turist sayı əvvəlki dövrlə müqayisədə 76,5 faiz azalaraq 9 milyon təşkil edib. Ölkəyə gələn turistlər sırasında ilk yerdə almanlar üstünlük təşkil edir. Onları isə Rusiya, Bolqarıstan, Ukrayna və İngiltərədən gələn turistlər təqib edir. Koronovirusdan öncə turizmdən ən çox gəlir əldə edən 15 ölkə var ki, onların sırasında ilk yeri ABŞ tutur. Onu İspaniya, Fransa, Tayland, İngiltərə, İtaliya və digər ölkələr izləyir. Turizmin bir neçə növü var və ölkələr daha çox turist cəlb edən növləri inkişaf etdirməyə çalışırlar. Belə ki, turizm ölkəsi kimi tanınan İspaniyaya yalnız idman tədbirlərini izləmək üçün gələn insanların sayı bir çox ölkədəki turistlərin ümumi sayından çox olub. İspaniyaya, xüsusilə futbol başda olmaqla idman yarışlarını izləmək üçün 10 milyondan ziyarətçi gəlir və bu ölkə qolf oynamaq üçün ən çox xarici turistlərin gəldiyi dünyanın ikinci ölkəsidir. “Golf Business Partners”in hesabatına görə, qolf İspaniya iqtisadiyyatına 564 milyon avro gəlir gətirir. Yaxud, 1994-cü ildə Amerika Dünya Kubokunda Amerikaya 50 milyon xarici turist gəlib ki, bu turistlər təxminən 100 milyard dollar vəsait xərcləyiblər. Son illər sağlamlıq turizmi də inkişaf edən turizm növləri sırasındadır. Ölkəmizdə də turizmin inkişafı prioritetdir və qapılar turistlərin üzünə açıqdır. Pandemiyaya qədər olan dövrdə ölkəyə gələn turist sayında tədricən artım müşahidə olunurdu. 2020-ci ilin yanvar ayında gələn turistlərin sayında artım Rusiya, Gürcüstan, Səudiyyə Ərəbistanı, Küveyt və digər ölkələrin payına düşüb. Digər ölkələrdən olan turistlərin sayı isə çox kiçik rəqəm təşkil edir. Bu gün ölkəmizə gələn turislərin əhatə dairəsini genişləndirməyə, yəni digər ölkələrdən gələn turistlərin sayını artırmağa ehtiyac var. Lakin bu gün ölkədə turizmin inkişafında hələ də müəyyən problemlər var və hələ ki, özümüzü dünyada turizm ölkəsi kimi təsdiqlədə bilməmişik. Bunu isə adətən müxtəlif səbəblərlə, əsasən xidmət keyfiyyətinin aşağı olması, qiymətlərin baha olması, turizm növlərinin azlığı və s. ilə izah edirlər. Bəzən belə bir fikir səslənir ki, əsasən qazanc gətirəcək ölkələrin turistlərinə üstünlük verməliyik və bu baxımdan da məhz Səudiyyə Ərəbistanı kimi ölkələri seçməliyik. Göründüyü kimi, turizmin inkişaf etdiyi ölkələrin heç birinin ziyarətçi siyahısında ərəb turistlər nəinki ilk sırada deyil, hətta o qədər azdır ki, siyahıya daxil edilməyib. Ölkəmizdə ərəb turistlərlə bağlı heç bir qadağa yoxdur və onlar Azərbaycana istədikləri zaman gələ bilərlər. Onu da xatırladaq ki, bir neçə il öncə Fransa və Belçikada ərəb turistlərə çimərliklərdə hicab geyinilməsi qadağan edilmişdi. Bizim ölkəmizdə isə belə qadağalar yoxdur. Lakin bütün dünya ölkələrində olduğu kimi, ölkəmizə səfər edən hər bir turistin qaydalara əməl etməsi şərtdir. Son günlər aktual olan bir məsələlərdən biri ölkəmizə səfər edən ərəb turistləri tərəfindən qanunsuz ov hallarına yol verməsidir. Burada belə bir sual meydana çııxır ki, ərəb turistlər turizmin inkişaf etdiyi ABŞ, Fransa, İspaniya kimi ölkələrdə qanunsuz ov edə, məsələn, bir balıq belə tuta bilərlərmi? Təbii ki, bu mümkün deyil, çünki bu ölkələrdə turizmə ilk növbədə qazanc mənbəyi kimi baxaraq ölkə qanunlarını pozmasına icazə verməzlər.

Azərbaycan Turizm Assosiasiyası (AZTA) sədrinin müşaviri Müzəffər Ağakərimov mövzu ilə bağlı AFN-ə açıqlamasında bildirdi ki, ölkəmizdə məhz ərəbləri cəlb etməklə turizmi inkişaf etdirməyə peşəkarlar üstünlük vermir: “Bunu düşünənlər turizmlə məşğul olan qeyri-peşəkarlardır. Ovçuluğu da ələ keçiriblər, bilmirəm bunu hansı məqsədlə ediblər. Ərəblər ölkəmizə gələ bilər, ancaq ərəb turistlərlə maarifləndirici işlər aparmalıdırlar ki, birincisi, özlərini Azərbaycanda qonaq kimi hiss etsinlər. İkincisi, qayda-qanuna riayət etsinlər. Üçüncüsü, istəyir turist, hansısa ölkənin vətəndaşı olsun, hansı ölkəyə səfər edirsə o ölkənin qaydalarına, Konstitusiyasına, adət-ənənələrinə riayət etməlidir. Bu işdə həmin o ərəbləri ölkəyə dəvət edən hər hansı şirkət məsuliyyəti üzərinə götürürsə, buna o cavabdehdir. Həmin şirkətdən hesabat tələb olunmalıdır və külli miqdarda cərimə olunmalıdır. Bir də belə işlər görməsinlər, əgər işi bilmirlərsə gəlib öyrənsinlər. Bunun üçün Azərbaycan Turizm Assosiasiyası var və biz onlara kömək etməyə hər zaman hazırıq. Bu təkcə ərəb turistlərə aid deyil, ölkəyə dəvət olunan bütün turistlərə aiddir. Bir daha deyirəm ki, burada əsas problem qeyri-peşəkarların turizmlə məşğul olması və onların at oynatmasıdır. Qeyri-peşəkarların hamısı monitorinqdən keçirilib, ona görə də lisenziya ləğv ediləndən sonra bu sahədə işi bilməyənlər də bu işə baş qoşublar. Azərbaycanın imicinə, nüfuzuna böyük xələl gətirirlər. Pandemiya dövründən sonra mütləq bu məsələyə yenidən qayıdıb, peşəkar turizm işçiləri, ekspertlər, şirkətləri ilə yenidən sıfırdan başlamaq lazımdır”.
Maddi baxımdan turist olaraq ərəblərə üstünlük verilməsinə gəldikdə isə AZTA sədrinin müşaviri deyir ki, bu, düzgün mövqe deyil: “Bu ondan irəli gəlir ki, həmin insanlar turizm sahəsində qeyri-peşəkardırlar. Turizmin çox gözəl məqamları, əlavə xidmətləri var. Bunlardan istifadə etmək qabiliyyətinə malik deyillər, ən asan yolu seçirlər. Ancaq heç vaxt Azərbaycanın nüfuzu, imici haqda düşünmürlər. Xalqımızın öz adət-ənənəsi, mentaliteti var. Bunu mütləq nəzərə almaq lazımdır. O turizm şirkətləri dövlət turizm qurumları tərəfindən mütləq cəzalanmalıdırlar ki, onların turistləri qeyri-qanuni işlər görürlər. Onların turizmlə məşğul olmaq üçün imkanlardan istifadə etməməsinin səbəbi odur ki, turizmi bilmirlər. Əgər həmin turizmlə məşğul olan adamların tərcümeyi-halına baxsanız görərsiniz ki, təsadüfi adamlardır. Dünənə qədər alış-verişlə məşğul olub, bu gün turizmə də elə baxır. Turizm ancaq alış-veriş deyil, eyni zamanda mədəniyyətimiz, mənəviyyatımızdır. Turisti yalnız pul xətrinə cəlb etməyi düşünmək lazım deyil, pul özü gələcək. İlk növbədə ölkəmizi təbliğ və təşviq etməliyik. Turistlərə mədəniyyətimizin ən gözəl səhifələrini yüksək səviyyədə təbliğ etməliyik”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu