Olimpiya Oyunlarının devizi 127 il sonra dəyişdirildi
Bu gün Beynəlxalq Olimpiya Komitəsinin Tokioda keçirilən 138-ci sessiyasında Olimpiya Oyunlarının rəsmi devizi dəyişdirilib. Yeni deviz sessiya iştirakçıları tərəfindən yekdil şəkildə qəbul edilib.
Bundan sonra Olimpiya Oyunlarının rəsmi devizi “Ən sürətli, ən yüksəyə, ən güclü – birlikdə!” (latın dilində: “Citius, altius, fortius — communis!”) kimi səslənəcək.
Xatırladaq ki, Olimpiya Oyunlarının rəsmi devizi əvvəllər “Ən sürətli, ən yüksəyə, ən güclü!” kimi səslənirdi. Həmin deviz 1894-cü ildə Birinci Olimpiya Konqresi tərəfindən təsdiq edilmişdi.
Oyunların yeni devizinin müəllifi isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxdır. BOK prezidenti bu təklifin qəbul olunmasını əlamətdar hadisə adlandırıb.
Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.