BMT: "Efiopiyadakı müharibə ifrat qəddarlıqla diqqət çəkir"


Efiopiyada bir ildir davam edən, ifrat qəddarlıqla diqqət çəkən müharibədə bütün tərəflər vəhşilik törətməkdə günahkardır.


“Report” AP-yə istinadən xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ofisinin açıqladığı hesabatda məlumat verilir.

BMT İnsan hüquqları ali komissarı Mişel Baçelet bildirib ki, Efiopiya hökuməti tərəfindən qurulmuş İnsan Hüquqları Komissiyası ilə birgə hazırlanan hesabatda müharibənin bütün tərəflərinin yol verdiyi pozuntu və zorakılıqların bir çox hallarda insanlığa qarşı cinayət və hərbi cinayət həddinə çatması qeyd olunur. Hesabata görə, Efiopiya ordusu və ona yardım edən qonşu Eritreya hərbçiləri də, Tiqray bölgəsinin hərbi dəstələri də həm əsirlərə, həm də qarşı tərəfə yardım etməkdə şübhələndikləri mülki şəxslərə qarşı müxtəlif işgəncələr tətbiq edirlər.

Bununla yanaşı, Tiqray Xalq Azadlıq Cəbhəsinin (TPLF) bölgənin əksər hissəsini nəzarətə götürdüyü iyun ayından bu yana hökumətin Tiqray bölgəsinə qarşı blokada tətbiq etdiyi, ərzaq və humanitar yükləri buraxmadığı, nəticədə 6 milyonluq əhalinin məhrumiyyətlərə düçar olduğu da diqqətə çatdırılır.

Xatırladaq ki, ötən ilin noyabr ayında Efiopiya ordusunun Tiqray bölgəsinə yeridilməsilə başlayan müharibədə minlərlə insan həlak olub, iki milyondan çoxu didərgin düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu