BMT: Myanma hərbi administrasiyası daha tez-tez və şiddətli müharibə cinayətləri törədir
Birləşmiş Millətlər Təşkilatının Myanma Müstəqil İstintaq Mexanizmi Myanma hərbi administrasiyası və onun polislərinin getdikcə daha tez-tez və şiddətli müharibə cinayətləri törətdiyinə dair güclü sübutların olduğunu açıqlayıb.
Müstəqil İstintaq Mexanizmi tərəfindən dərc edilən illik hesabatda Myanma ordusunun törətdiyi hərbi cinayətlər arasında mülki şəxslərə qarşı ayrı-seçkilik etmədən və ya qeyri-mütənasib hücumlar və aprel ayında Saqaing bölgəsinə edilən hava hücumu olduğu bildirilib.
"Həmçinin mülki əhalinin və həbsdə olan döyüşçülərin kütləvi şəkildə edam edilməsi, mülki evlərin və tikililərin kütləvi şəkildə və qəsdən yandırılması, bəzi hallarda isə bütöv kəndlərin dağıdılması halları da artıb", - deyə qeyd edilir.
Beynəlxalq hüquqa görə, hərbi komandirlərin tabeliyində olanlar tərəfindən törədilmiş hərbi cinayətlərin qarşısını almaq və cəzalandırmaq məcburiyyətində olduğuna diqqət çəkilərək, bu cinayətlərin qarşısının alınması və cəzalandırılması üçün əsaslı tədbirlərin görülməməsinin komandirləri cinayət məsuliyyətinə cəlb edə biləcəyi də açıqlamada qeyd edilib.
Hesabatda bildirilib ki, belə cinayətlərə dəfələrlə məhəl qoymamaq yuxarı orqanların bu cinayətləri törətmək niyyətində olduğunu göstərə bilər.
Qeyd edlib ki, BMT Myanma Müstəqil İstintaq Mexanizmi Myanmada törədilən beynəlxalq cinayətlərlə bağlı apardığı araşdırmalarda 700-dən çox mənbədən 200-dən çox şahid ifadəsi, məlumat, fotoşəkil, video, audio material, sənəd, xəritə, sosial media yazıları və məhkəmə-tibbi sübutlardan istifadə edib.
O da vurğulanıb ki, mexanizm 2016 və 2017-ci illərdə Rohingyalıların Myanmadan kütləvi surətdə köçürülməsinə səbəb olan zorakılıqları fəal şəkildə araşdırmağa davam edir.
Hesabatda xüsusilə bu dövrdə Rohinca xalqına qarşı cinsi və cinsi əsaslı cinayətlərin geniş yayıldığı vurğulanıb: "Mexanizm eyni zamanda Beynəlxalq Cinayət Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi və Argentinada Rohinca xalqı ilə bağlı davam edən işlər üzərində işləyən insanlarla dəlil, məlumat və analitik hesabatlar paylaşır".
BMT-nin Myanma Müstəqil İstintaq Mexanizminin rəhbəri Nikolas Koumjian Myanmada hər bir insan itkisinin faciəvi olduğunu, lakin bombardmanlar və kəndlərin yandırılması ilə cəmiyyətdə yaratdığı dağıntıların şok edici olduğunu bildirib.
"Bizim sübutlarımız ölkədə müharibə cinayətlərinin və insanlığa qarşı cinayətlərin, mülki şəxslərə qarşı geniş və sistematik hücumların dramatik şəkildə artdığını göstərir. Biz ayrı-ayrı cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün məhkəmələr tərəfindən istifadə oluna biləcək iş sənədləri hazırlayırıq", - Koumjian deyib.