Şəmkirdə piyadanı avtomobil vuraraq öldürüb
Şəmkir rayonunun Yeni Həyat kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosuna bildirib ki, Yeni Həyat kəndində yolun kənarında naməlum kişi meyitinin tapılması barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub.
"Dərhal şöbə əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində meyitin, 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Yalçın Məmmədov olması və ilkin tibbi ekspertiza rəyinə əsasən avtomobil vurması nəticəsində ölməsi müəyyən olunub", - o deyib.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.