Birinci Qarabağ müharibəsində itkin düşmüş Əsəd Məmmədovun nəşinin qalıqları Ağstafaya gətirilib
AFN.az report-a istinadən xəbər verir ki, şəhidin yaxınlarının yaşadığı kənddə birazdan vida mərasimi başlayacaq.
Mərasimdə Ağstafa rayon icra hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edir.
Vida mərasimi başa çatdıqdan sonra şəhidimiz Eynallı kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Məmmədov Əsəd Məmməd oğlu 1966-cı il Ağstafa rayon Eynallı kəndində anadan olub. O, 1993-cü ilin avqust ayında Füzuli rayonunun Kürd-Mahmudlu kəndində gedən döyüşlər zamanı itkin düşüb. Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarda aşkarlanan meytin qalıqlarından birinin ona məxsus olduğu məlum olub.