Misir, Sudan və Efiopiya Hedasi bəndi ilə bağlı razılıq əldə edə bilmədi


Hedasi (Nahda) bəndi ilə bağlı Efiopiya, Sudan və Misir arasında Əddis-Əbəbədə keçirilən yeni danışıqların ikinci turunda əhəmiyyətli irəliləyiş əldə olunmayıb.


Misirin Suvarma Nazirliyindən verilən açıqlamada bildirilir ki, Əddis-Əbəbədə Hedasi bəndi ilə bağlı Misir, Sudan və Efiopiya nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli nazirlər toplantısı başa çatıb.

Efiopiyanın üç ölkə arasında daha əvvəl əldə edilmiş bir sıra razılaşmalardan geri çəkilmək meylinin şahidi olduğu vurğulanan bəyanatda bildirilib ki, Efiopiyanın təklif olunan kompromis həllərdən hər hansı birini qəbul etməkdən imtinası davam edir.

Misir nümayəndə heyətinin Qahirənin su təhlükəsizliyini və üç ölkənin maraqlarını qoruyacaq danışıqlara önəm verdiyi açıqlanıb. Qeyd edilib ki, Misir iyulun 13-də keçirilən Misir-Efiopiya zirvə toplantısının müəyyənedicilərinə uyğun olaraq, bəndin doldurulması və istismarı ilə bağlı məcburi razılığın əldə olunmasını nəzərdə tutur.

Bəyanatda müəyyən edilmiş müddət ərzində gecikmədən razılaşmanın əldə edilməsi lazım olduğu vurğulanıb və gecikmələrin qarşısını almaq üçün bir çox texniki və hüquqi həll yolu olduğuna diqqət çəkilib.

Hələlik Efiopiyadan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Misirin Suvarma Nazirliyi avqustun 27-də verdiyi açıqlamada, Efiopiya və Sudan nümayəndə heyətlərinin iştirakı ilə 2 illik fasilədən sonra Qahirədə Hedasi bəndi ilə bağlı danışıqların yenidən başladığını açıqlayıb.

Efiopiya, Misir və Sudan 10 ildən artıqdır ki, Hedasi bəndi üstündə toqquşur.

Təxminən 80 faizi öz ərazisindən qaynaqlansa da, Nil sularının cəmi 3 faizindən faydalana bilən Efiopiya, 2 aprel 2011-ci ildə Afrikanın ən böyüyü olacaq Hedasi bəndinin tikintisinə başladı.

Sudan-Efiopiya sərhədinə yaxın bir bölgədə, Nil çayının 85 faizini qidalandıran Mavi Nil çayının qolunda tikildiyi üçün bənd böyük əhəmiyyət kəsb edir. Efiopiya Hedasi bəndi ilə enerji kəsirini bağlamağı və elektrik enerjisini satmağı hədəfləyir.

Reaksiyalara baxmayaraq, ilk dəfə 2020-ci ilin iyul ayında doldurulan bənd 20 fevral 2022-ci ildə elektrik enerjisi istehsal etməyə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu