Efiopiyanın Amhara bölgəsində qarşıdurma baş verib: 50-dən çox Fano silahlısı öldürülüb
Efiopiya təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında baş verən qarşıdurmada 50-dən çox Fano silahlısı öldürülüb.
Efiopiya Milli Müdafiə Qüvvələrindən (ENDF) verilən açıqlamaya görə, qarşıdurmalar ölkənin Amhara bölgəsində baş verib.
Açıqlamada toqquşmaların paytaxt Əddis Əbəbədən 700 kilometr şimalda yerləşən tarixi Qondar şəhərində şiddətləndiyi vurğulanıb və Amhara etnik qrupuna mənsub Fano silahlılarının dəf edildiyi qeyd edilib.
Digər tərəfdən, Amhara silahlıları sosial şəbəkələrdəki paylaşımlarında qarşıdurmalarda çoxlu əsgəri öldürdüklərini iddia ediblər.
Efiopiyada federal hökumət 2022-ci ilin noyabrında Tigray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə sülh sazişi imzalayıb. Bölgədəki bütün təşkilatlar tərksilah olmağa razılaşarkən, Amharada yerləşən “Fano” adlı milis qrupu ordu ilə qarşıdurmaya başlayıb.
Federal hökumət Amhara bölgəsində ordu ilə yerli milislər arasında toqquşmaların şiddətlənməsindən sonra avqustun 4-də fövqəladə vəziyyət elan edib və avqustun 7-də Amharada bəzi bölgələrdə nəzarətin itirildiyini açıqlayıb.