İsmayıl Haniyədən Qəzza xəbərdarlığı
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə blokada altındakı Qəzzaya davam edən hücumların nəticələri barədə xəbərdarlıq edərək, bunun bütün bölgəni nəzarətdən çıxaracağını deyib.
İsmayıl Haniyə bildirib ki, HƏMAS da daxil olmaqla Fələstin ərazisindəki bütün müqavimət hərəkatları öz xalqını və torpaqlarını azad etməyi hədəfləyən milli azadlıq hərəkatlarıdır. "Terror işğalçıdır, onu dəstəkləyən və soyqırıma səssiz qalandır. Qəzzaya hücumun davam etdirilməsi bütün bölgəni nəzarətdən çıxaracaq. Bu olayların gedişatını və ya nəticəsini heç kim proqnozlaşdıra bilməz" - deyə o qeyd edib.
İslam dünyası və bütün dünya xalqlarını Fələstin üçün həmrəyliyə çağıran Haniyə, "İslam xalqını və ərəb millətini pul, silah və texnologiya ilə müqaviməti dəstəkləməyə çağırıram" - açıqlamasını verib.
Haniyə bütün dost ölkələri "İsrailin Qəzzada uşaqlara, qadınlara, qocalara, ibadət yerlərinə və evlərə hücumlarını dayandırmaq üçün bütün platformalarda lazım olan bütün təzyiqləri tətbiq etməyə" çağırıb.
HƏMAS lideri yayımladığı videoda müraciətini belə yekunlaşdırıb: "20 gün keçdi. Qəssam Briqadalarının rəhbərlik etdiyi müqavimət öz sərhədlərini qoruyur və mesajlarını güclü şəkildə verir. Müharibənin 20-ci günündə Qəzzada müqavimətin yaxşı vəziyyətdə olduğunu vurğulayırıq".