Stoltenberqdən Çin xəbərdarlığı
NATO-nun baş katibi Yens Stoltenberq Çin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırır deyib.
NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtona rəsmi səfəri çərçivəsində Wilson Center analitik mərkəzində çıxış edib.
ABŞ-ın tək başına çox böyük bir ölkə olduğunu, lakin NATO müttəfiqləri ilə birlikdə hər kəsin çox daha güclü olduğunu bildirən Stoltenberq, bütün müttəfiqlərin bir-birini dəstəklədiyi təqdirdə hücumların qarşısını ala biləcəklərini qeyd edib.
Avropa ölkələrinin ortaq müdafiəyə çox töhfə verdiyinə diqqət çəkən Stoltenberq, Avropa ölkələrinin müdafiə xərclərini rekord səviyyəyə çatdırdığını vurğulayıb.
Bu gün ABŞ prezidenti Co Baydenlə görüşündə müdafiə ilə bağlı yeni rəqəmləri açıqlayacağını qeyd edən Stoltenberq bildirib ki, NATO müttəfiqlərindən 20-dən çoxu bu il ümumi daxili məhsulun (ÜDM) 2 faizini müdafiəyə ayıracaq.
Stoltenberq xatırladıb ki, 5 il əvvəl yalnız 10-a yaxın NATO üzvü öz ÜDM-nin 2 faizini müdafiəyə yatırıb.
Stoltenberq Ukraynadakı müharibənin təhlükəsizliyin regional deyil, qlobal bir məsələ olduğunu göstərdiyini vurğulayaraq, Çinin Rusiyanı dəstəklədiyini qeyd edib.
Çin Avropada İkinci Dünya Müharibəsindən sonra ən böyük münaqişəni qızışdırır deyən Stoltenberq, Pekinin Qərblə yaxşı münasibətlər saxlamağa çalışdığını da bildirib.
Çin hər ikisinə sahib ola bilməz deyən Stoltenberq, bu ölkənin Şimali Koreya və İranla da yaxın münasibətlərə malik olduğuna diqqət çəkib.
NATO-nun baş katibi bəyan edib ki, Çin kursunu dəyişməzsə müttəfiqlər Pekinin fəaliyyətini qiymətləndirməyə hazır olmalıdırlar.