İran: Nüvə sazişini canlandırmaq üçün diplomatik imkan var
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani nüvə razılaşmasını canlandırmaq üçün diplomatik imkanların olduğuna inandıqlarını bildirib.
O, Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmini və regional inkişafları dəyərləndirib.
İranın qonşuları və Şərqlə, xüsusən də Rusiya və Çinlə münasibətlərinə üstünlük verdiyini ifadə edən Kənani bildirib ki, İranın qonşuları ilə yaxşı münasibət qurma siyasəti ciddi və çox əhəmiyyətli bir prioritetə malikdir: "Şərqə baxmaq strategiyası taktiki seçim deyil, strateji seçimdir. Şərq ölkələri ilə əlaqələr hökumətin və diplomatik sistemin prioritetləri sırasındadır.".
Kənani İran və Qərb arasında nüvə danışıqlarının bərpasının mümkünlüyü ilə bağlı suala belə cavab verib: "Qərb tərəflərinin çoxtərəfli diplomatik yolun həyata keçirilməsinə imkan verməməsi təəssüf doğurur. Biz hesab edirik ki, razılığa gedən yol açıq qala bilər və qarşı tərəfin nüvə sazişini canlandırmaq iradəsini nümayiş etdirməsi şərti ilə tərəflər üçün hələ də diplomatik imkan var".
Sözçü bildirib ki, İranın xarici işlər naziri Abbas Erakçi və Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell tezliklə görüşmək barədə razılığa gəliblər.