"Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilib
Bakıda Mətbuat Şurasının təşkilatçılığı ilə “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilib.
AFN.az xəbər verir ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin, Medianın İnkişafı Agentliyinin rəhbərliyinin, media subyeklərinin baş redaktorların qatıldıqları konfransda MŞ sədri Rəşad Məcid, Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov açılış nitqləri ilə çıxış edib, müzakirəyə çıxarılan mövzu ilə bağlı fikirlərini bölüşərək Azərbaycan dövlətinin və cəmiyyətinin media ilə bağlı gözləntilərindəki ayrı-ayrı məqamları dilə gətiriblər. Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin bəzi beynəlxalq dairələrin ölkəmizə qarşı informasiya savaşı və ideoloji müharibə apardıqlarına dair fikirlərindəki ayrı-ayrı məqamlar üzərində dayanılıb və bildirilib ki, ölkə mediasının və jurnalistlərin bu kimi qlobal çağırışlara, ölkəmizdəki sabitliyi və əminamanlığı pozmağa hesablanmış informasiya diversiyalarına adekvat yanaşması, hər zaman peşəkarlığı və həssaslığı əsas tutaraq çevik fəaliyyət göstərməsi son dərəcə vacibdir, günün təxirəsalınmaz tələbidir.
Toplantıda əsas məruzəçi MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub. V.Zifəroğlu siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu mövzusunda çıxış edib.
Sonra MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər, inzibati və hüquqi modellər barədə söz açıb. MŞ İdarə Heyətinin üzvləri - Technote Media Şirkətinin rəhbəri Fərid Pərdəşünas Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlar, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli isə sosial media ilə rəqabətdə mediadan gözləntilər mövzusunda fikirlərini səsləndiriblər.
Tədbirdə, həmçinin, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin doktorantları Nurşərəf Tağıyevanın və Sünbül Zalovanın ölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri mövzusunda birgə təqdimatları olub.
Toplantıda sadalanan mövzular ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin yekununda Azərbaycan Mətbuat Şurasının media subyektlərinə tövsiyələri açıqlanıb. Tövsiyələrdə məzmun yaradıcılığında hansı vasitələrdən istifadə edilməsinə fərq qoyulmadan “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayət edilməsinin, yeni medianın operativlik, sərhədsizlik, interaktivlik və s. kimi üstünlüklərinin nəzərə alınaraq, informasiya istehsalının daha da gücləndirilməsinə təkan verilməsinin, dünyada gedən müasir texnoloji inkişafa uyğunlaşmağın və beynəlxalq jurnalistikadakı xüsusilə, Qərb jurnalistikasındakı yeni trend və tendensiyaların mənimsənilməsinin, dövlətin və cəmiyyətin maraq və mənafelərindən irəli gələn, onların uzlaşdırılmasına xidmət edən materialların sayının çoxaldılmasının və keyfiyyətinin yüksəldilməsinin, Azərbaycan dövlət dilinin normalarına əməl edilməsinin, əsasən proqramlar vasitəsi ilə hazırlanan tərcümə materiallarının keyfiyyətinə diqqətin artırılmasının vacibliyi vurğulanıb.
Tövisyələrdə, həmçinin, sosial şəbəkələrdə yayımlanan materialların həqiqətə uyğunluğunun, səhihliyinin ciddi şəkildə yoxlanılmasının, jurnalistlərin mövcud sahədəki manipulyasiyalara həssas yanaşmalarının, xüsusən, yeni texnologiyaların, süni intellekt sistemlərinin dezinformasiya yayımında vasitə olduğunun nəzərə alınmasının zəruriliyi üzərində dayanılıb və bildirilib ki, media təmsilçiləri məzmun yaradıcılığında yeni texnologiyalardan, o cümlədən, süni intellekt proqramlarından asılı duruma düşməməli, milli maraqların qorunması üçün ölkədə vahid və güclü ictimai rəy formalaşdırmalı, beynəlxalq media ilə əməkdaşlığa can atmalı, Azərbaycanın mövqelərini müdafiə edən məqalələrin və reportajların hazırlanmasına səy göstərməli, dünyada gedən aşkar informasiya müharibəsi şəraitində təcrübə mübadiləsinə üstünlük verməlidirlər.