Meksikadan "Google"a "Meksika körfəzi" reaksiyası

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-dakı xəritə tətbiqində "Meksika körfəzi" adını "Amerika körfəzi" olaraq dəyişdirdiyinə görə "Google"u məhkəməyə verməklə hədələyib.
Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında danışan Şeynbaum "Google"un baş direktoru Sundar Piçaiyə məsələ ilə bağlı məktub göndərdiyini və bölgənin adının düzgün verilməsini istədiyini, lakin aldığı cavabdan məmnun olmadığını xatırladıb.
Şeynbaum "Hazırda Google ilə mübahisəmiz var. Məktuba cavab verdilər, biz də yenidən cavab verdik. Lazım gələrsə, hüquqi addım atacağıq. Çünki "Google" ABŞ-da "Amerika Körfəzi" ifadəsini işlətdiyi halda, digər bölgələrdə "Meksika körfəzi" adını göstərdiyini bildirir" ifadələrini qeyd edib.
"Google"un səhv etdiyini iddia edən Şeynbaum bunları söyləyib:
"Hətta prezident Donald Tramp bütün Meksika körfəzini "Amerika körfəzi" adlandırmağı təklif etməyib, o, yalnız kontinental şelf üçün ad çıxarıb. Deməli, "Google" yanılır. Əgər israr etməyə davam etsələr, biz məhkəməyə müraciət etməyi düşünürük. Çünki onlar hətta bizim qitə şelfimiz olan Meksika ərazisində belə adı dəyişiblər. Biz hüquqi departamentimiz tərəfindən atılacaq addımları izləyirik".
"Britannica" Ensiklopediyasının Meksika Körfəzi adını istifadə etməyə davam etdiyini xatırladan Şeynbaum, "Təbii ki, "Britannica"ya minnətdarıq. Bununla belə, informasiya sektorundakı özəl şirkətlərin, xüsusən də "Google" kimi platformaların dəqiq məlumat verməsi vacibdir. Meksika Körfəzi beynəlxalq bir su hövzəsidir və ABŞ-ın bu adı birtərəfli olaraq dəyişmək səlahiyyəti qeyri-müəyyəndir" deyib.
Qeyd edək ki, "Google" ABŞ prezidenti Donald Trampın göstərişinə əsasən ABŞ-dakı xəritə tətbiqində “Meksika körfəzi” adını “Amerika körfəzi” olaraq dəyişdiyini açıqlayıb.