Əlcəzairdən Fransaya xəbərdarlıq

Əlcəzair Fransa hökumətinə 1968-ci il İmtiyazlı İmmiqrasiya Müqaviləsinə müdaxilə etməmək barədə xəbərdarlıq edib.
Fransa Baş naziri Fransua Bayrounun dünənki Nazirlər Şurasının immiqrasiya ilə bağlı iclasında ölkəsinin Əlcəzair vətəndaşlarına xüsusi status verən 1968-ci il müqaviləsini nəzərdən keçirməsi və bunun üçün 1 ilə 6 həftə vaxt verəcəyi barədə açıqlamasının ardından Əlcəzair Xarici İşlər Nazirliyi mövzu ilə bağlı açıqlama verib.
Bəyanatda Əlcəzairin ultimatumları, təhdidləri və son tarixləri rədd edərək, Fransanın sazişə yenidən baxılması tələbinə qəti şəkildə qarşı çıxdığı və qarşılıqlılıq prinsipini tətbiq edəcəyi vurğulanıb.
Baş nazir Bayrounun razılaşmanı nəzərdən keçirmək tələbinin rədd edildiyi bəyanatda aşağıdakılar qeyd edildi:
"Artıq məzmun və mahiyyətindən tamamilə boşalmış 1968-ci il İmtiyazlı Miqrasiya Müqaviləsinə hər hansı müdaxilə Əlcəzairin eyni xarakterli digər saziş və protokollarla bağlı analoji qərar qəbul etməsinə səbəb olacaq. Əlcəzair ultimatumlar, son tarixlər və təhdidlərlə məşğul olmaqdan qəti şəkildə imtina edir".
Maraqlıdır ki, nazirliyin bəyanatı Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Ali Təhlükəsizlik Şurasının iclasına sədrlik etdikdən sonra dərc edilib.
Xatırladaq ki, Əlcəzair və Fransa 1968-ci ildə İmtiyazlı İmmiqrasiya Sazişi imzalayıblar.
Qeyd edək ki, müqavilə Əlcəzair vətəndaşlarının Fransaya gəlişi, gedişi, işləməsi və yaşaması üçün şərtləri tənzimləyir.