ABŞ Ukraynaya Patriot dəstək paketinin satışını təsdiqlədi
ABŞ Xarici İşlər Nazirliyi Ukraynaya 105 milyon dollar dəyərində Patriot hava müdafiə sistemləri ilə bağlı avadanlıq və xidmətlərin satışına təsdiq verib.
ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) satışla bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, satış paketi Ukraynanın M901 raket buraxıcılarının M903 konfiqurasiyasına yüksəldilməsi, yer dəstək avadanlıqları üçün müəyyən edilmiş ehtiyat yük siyahıları, ehtiyat hissələri, təlim fəaliyyətləri və logistika dəstək elementlərini əhatə edir.
Patriot sistemləri ilə bağlı avadanlıq və xidmətləri əhatə edən paketin ümumi dəyərinin 105 milyon dollar olduğu bildirilib və layihənin əsas podratçıları kimi ABŞ mərkəzli RTX Corporation və Lockheed Martin şirkətləri göstərilib.
Qeyd edək ki, Kongresə göndərilən silah satış təsdiqlərinə 15 günlük etiraz müddəti verilir. Bu müddət ərzində Kongresdən heç bir etiraz gəlməzsə, silah satışı həyata keçirilmiş sayılır.

