BƏƏ İran vətəndaşlarının ölkəyə girişini və tranzit keçidini qadağan etdi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İran vətəndaşlarının ölkəyə girişini və ölkə ərazisindən tranzit keçidini qadağan etdiyi barədə məlumatlar yayılıb.
AFN.az xəbər verir ki, "Emirates" hava yollarının internet səhifəsində yer alan xəbərdarlıqda İran pasportu daşıyan sərnişinlərin Körfəz ölkəsinə daxil olmasına və ya buradan tranzit keçid etməsinə icazə verilməyəcəyi qeyd olunub.
Dərhal qüvvəyə minən bu qərarın etibarlı BƏƏ yaşayış vizasına sahib olanlar da daxil olmaqla, bütün İran vətəndaşlarını əhatə etdiyi bildirilir. Həmin şəxslərin Dubay Beynəlxalq Hava Limanına girişi və buradan digər ölkələrə uçuşu qadağan edilib. Həmçinin, hazırda BƏƏ-dən kənarda olan İran vətəndaşlarının da ölkəyə qayıdışına məhdudiyyət qoyulduğu diqqətə çatdırılır.
Sözügedən tətbiqin rəsmi orqanlar tərəfindən yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir.
Qeyd edək ki, BƏƏ-nin rəsmi dövlət qurumları hələlik "Emirates" hava yollarının yaydığı bu xəbərdarlıqla bağlı rəsmi bəyanat verməyib.
Qərarın regional gərginlik fonunda qəbul edildiyi ehtimal olunur.


