CENTCOM: ABŞ-ın liman blokadası İranın ticarətini tamamilə dayandırıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-ın limanlara qarşı tətbiq etdiyi blokadanın İranın iqtisadi fəaliyyətini tamamilə iflic etdiyini iddia edib.
AFN.az xəbər verir ki, CENTCOM komandanı admiral Bred Kuper blokada ilə bağlı "X" sosial platformasında mühüm açıqlamalar verib.
Kuper ABŞ qüvvələrinin İran limanlarına qarşı tam blokada tətbiq etdiyini bildirərək, İran iqtisadiyyatının 90 faizinin dəniz yolu ilə həyata keçirilən beynəlxalq ticarətdən asılı olduğuna diqqət çəkib. Admiralın sözlərinə görə, blokadanın tətbiqindən keçən 36 saatdan az müddət ərzində ABŞ qüvvələri dəniz yolu ilə İrana daxil olan və ölkədən çıxan iqtisadi ticarəti tamamilə dayandırmağa nail olub.
ABŞ Prezidenti Donald Tramp İrandan gələn nümayəndə heyəti ilə Pakistanda aparılan danışıqların uğursuzluqla nəticələnməsindən sonra Hörmüz boğazının blokadaya alınması prosesinə başlayacaqlarını elan etmişdi.
CENTCOM ötən gün yaydığı məlumatda isə İran limanlarına qarşı həyata keçirilən bu genişmiqyaslı əməliyyatda 10 mindən çox hərbçinin, həmçinin onlarla hərbi gəmi və qırıcı təyyarənin iştirak etdiyini bildirib. Bu addım regionda gərginliyi ən yüksək həddə çatdırıb.
