WSJ: ABŞ bölgəyə 15-dən çox hərbi gəmi yerləşdirdi
ABŞ-ın İran limanlarına qarşı tətbiq edilən blokadanı həyata keçirmək məqsədilə bölgəyə 15-dən çox hərbi gəmi cəlb etdiyi bildirilib.
AFN.az xəbər verir ki, Amerikanın "Wall Street Journal" (WSJ) qəzetinə danışan yüksək rütbəli ABŞ rəsmisi sözügedən gəmilərin artıq öz vəzifələrinin icrasına başladığını qeyd edib.
Məlumatda vurğulanır ki, ABŞ ordusu İran limanlarına yönəlmiş dəniz blokadasını tam tətbiq etmək üçün müvafiq mövqelərə 15-dən artıq döyüş gəmisi göndərib. ABŞ Prezidenti Donald Tramp ötən gün Pakistanla aparılan danışıqların uğursuzluqla nəticələnməsindən sonra sosial media hesabı vasitəsilə Hörmüz boğazının blokadaya alınması prosesinə başlayacaqlarını elan etmişdi.
Bu açıqlamanın dərhal ardınca ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 13 aprel Bakı vaxtı ilə saat 18:00-dan etibarən İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilər üçün dəniz blokadasının tətbiq olunacağını bəyan edib. Prezident Tramp bu gün verdiyi növbəti bəyanatda isə İranın ixtiyarında qalan gəmilərin Hörmüz boğazını nəzarətdə saxlayan Amerika dəniz qüvvələrinə yaxınlaşacağı təqdirdə dərhal məhv ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
