Hörmüzdə blokada başladıqdan sonra iki tanker geri qayıdıb



ABŞ-ın Hörmüz boğazında İran limanlarına daxil olan və ya bu limanlardan çıxan bütün gəmilərə qarşı dəniz blokadasına başlamasından sonra iki tanker boğaz yaxınlığında marşrutunu dəyişərək geri qayıdıb.

AFN.az xəbər verir ki, ABŞ-ın İran limanlarına yönəlmiş bütün dəniz hərəkətliliyinə qarşı tətbiq etdiyi blokada dünən Bakı vaxtı ilə saat 18:00-da qüvvəyə minib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən verilən bəyanatda vurğulanıb ki, sözügedən dəniz blokadası Fars körfəzi və Oman körfəzi də daxil olmaqla, bütün İran limanlarına və sahil bölgələrinə daxil olan və ya buradan ayrılan bütün ölkələrin gəmilərinə qarşı tərəfsiz şəkildə tətbiq olunacaq.

Gəmilərin real vaxt rejimində izlənilməsini həyata keçirən "MarineTraffic" şirkətinin məlumatlarına görə, blokadanın başlamasından dərhal sonra Hörmüz boğazına doğru irəliləyən iki tanker marşrutunu dəyişib. Birləşmiş Ərəb Əmirliklərinin Fars körfəzindəki Şarika limanından yüklü halda hərəkət edən Malavi bayraqlı, 188 metr uzunluğundakı neft və kimyəvi məhsul daşıyan "Rich Starry" tankeri boğaza yaxınlaşdıqdan bir neçə dəqiqə sonra geri dönüb.

Təyinat nöqtəsi Çin olaraq bildirilən bu gəmi Şarika limanını dünən blokada tətbiqindən öncə tərk etmişdi. Botsvana bayraqlı, 175 metr uzunluğundakı "Ostria" adlı ikinci tanker də boğaza yaxınlaşdıqdan sonra marşrutunu dəyişərək geri qayıtmağa başlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu