Çindən İrana: Hörmüz boğazından sərbəst və təhlükəsiz keçid təmin edilməlidir



Çin ABŞ və İsrailin hücumları, habelə İranın cavab zərbələri ilə Yaxın Şərqdə kəskinləşən münaqişə səbəbindən gəmi hərəkətinin böyük ölçüdə dayandığı Hörmüz boğazından sərbəst keçidin bərpası üçün çağırış edib.

AFN.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, xarici işlər naziri Van Yi iranlı həmkarı Abbas Əraqçi ilə gecə saatlarında telefonla danışıb.

Görüş zamanı Hörmüz boğazına sahilyanı ölkə kimi İranın suverenliyinə, təhlükəsizliyinə, qanuni hüquq və maraqlarına hörmət edilməsinin vacibliyini qeyd edən Van Yi, eyni zamanda beynəlxalq boğazda naviqasiya azadlığının və təhlükəsizliyinin təmin olunmasının beynəlxalq birliyin ortaq tələbi olduğunu vurğulayıb.

Van Yi Çinin bölgədəki vəziyyətin sabitləşməsi və region ölkələri arasındakı münasibətlərin yaxşılaşdırılması üçün səylərini davam etdirəcəyini, Yaxın Şərqdə qalıcı sülh və sabitliyin bərqərar olması məqsədilə konstruktiv rol oynamağı sürdürəcəyini qeyd edib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə Çinin münaqişənin dayandırılması və sülhün təşviqi istiqamətindəki fəaliyyətini məmnuniyyətlə qarşıladıqlarını bildirib. O, qarşıdurmanın həlli üçün dinc danışıqlar yolu ilə rasional və real həll yolları axtarmağa davam edəcəklərini vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu