Ağ Ev: Kuşner və Vitkoff şənbə günü Pakistana gedəcək



Ağ Evin sözçüsü Karolin Livitt Pakistanın paytaxtı İslamabadda keçirilməsi gözlənilən ABŞ-İran danışıqlarında Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin iştirak edəcəyini, vitse-prezident Cey Di Vensin isə toplantıya qatılmayacağını açıqlayıb. 

AFN.az xəbər verir ki, sözçü Livitt Ağ Evin həyətində jurnalistlərin İran gündəmi ilə bağlı suallarını cavablandırıb.

O, bu həftəsonu İslamabadda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının ikinci turunda Trampın xüsusi nümayəndəsi Vitkoff ilə Cared Kuşnerin iştirak edəcəyini, vitse-prezident Cey Di Vensin isə Vaşinqtonda qalacağını bildirib.

Livitt xüsusi nümayəndə Stiv Vitkoff və Cared Kuşnerin şənbə günü səhər Pakistana gedərək, bütün bu proses boyu İran heyətinin nümayəndələri ilə fövqəladə vasitəçilik missiyası icra edən pakistanlıların vasitəçiliyi ilə birbaşa danışıqlarda iştirak edəcəklərini deyib.

Sözçü görüşlərin İranın tələbi ilə üz-üzə formatda davam etdiriləcəyini vurğulayaraq, bu müzakirələrin məhsuldar keçməsini və bir razılaşmaya doğru irəliləyiş əldə olunmasını ümid etdiklərini qeyd edib.

Donald Trampın nüvə silahı məsələsindəki qırmızı xəttini dəfələrlə dilə gətirdiyini və bu mövzuda qətiyyətli olduqlarını xatırladan Livitt, bununla belə prezidentin iranlıların masaya qoyacağı təklifləri dinləmək istədiyini bildirib.

Karolin Livitt həmçinin Trampın milli təhlükəsizlik komandası ilə birlikdə həftəsonu keçiriləcək müzakirə prosesini yaxından izləyəcəyini və yaranacaq vəziyyətə uyğun olaraq hər cür addım ata biləcəyini ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu