İran limanlarına yönəlmiş blokada xəbəri neft qiymətlərini bahalaşdırdı
Amerika Birləşmiş Ştatları Prezidentinin İran limanlarına qarşı blokadanın genişləndirilməsi üçün rəsmilərə tapşırıq verdiyi barədə xəbərlərdən sonra neft qiymətlərindəki artım tendensiyası davam edib.
AFN.az xəbər verir ki, "Wall Street Journal" qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Donald Tramp İran iqtisadiyyatı və neft ixracı üzərindəki təzyiqi artırmaq qərarına gəlib. Bu çərçivədə İran limanlarına yönəlmiş daşımaların qarşısının alınması və Tehran rəhbərliyinin iqtisadi mühasirəyə salınması hədəflənir. Sözügedən gərginlik fonunda ABŞ xam nefti artıq 100 dollar həddini keçib.
Qlobal neft bazarlarında etalon hesab edilən "Brent" markalı neftin iyun ayı üçün fyuçers müqavilələri 0,47 faiz dəyər qazanaraq barel başına 111,78 dollara çatıb. Bununla da "Brent" nefti ardıcıl səkkizinci iş günündə də bahalaşma qeyd edib. Bazar ertəsi müddəti başa çatacaq iyun müqavilələri ilə yanaşı, daha aktiv ticarət olunan iyul müqavilələri də 0,4 faiz artaraq 104,84 dollardan satılıb. ABŞ-ın "WTI" (West Texas Intermediate) markalı xam neftinin iyun fyuçersləri isə 57 sent artımla barel başına 100,50 dollara yüksəlib. Əvvəlki sessiyada 3,7 faiz kimi kəskin artım göstərən "WTI" qiymətləri son səkkiz ticarət gününün yeddisini qazancla başa vurub.


