Brent markalı neftin barel qiyməti 89,50 dollar oldu
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 89,50 dollara satılır.
Ötən gün 90,35 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 90,13 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün bağlanışla müqayisədə 0,70 faiz azalaraq 89,50 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 84,74 dollara satılıb.
Neft qiymətləri dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da tələbin zəiflədiyini göstərən məlumatlar səbəbindən ucuzlaşıb. ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə təxminən 1 milyon 400 min barrel artaraq 421 milyon 100 min barrelə çatdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 2 milyon 600 min barrel azalacağı idi. Gözlənilənlərin əksinə olaraq, ehtiyatların artması neft qiymətlərindəki enişi dəstəkləyib.
ABŞ dollarının digər valyutalara nisbətdə bahalaşması da neftin ucuzlaşmasına səbəb olub. ABŞ dolları indeksi 0,27 faiz artaraq 106,637 olub. Güclü dolların xarici valyuta istifadəçiləri üçün nefti bahalaşdıraraq tələbi azaldacağı gözlənilir.
İsrail-Fələstin münaqişəsinin neft qiymətlərinə təsiri davam edir. Bazarlar İsrail və HƏMAS arasındakı münaqişəyə nəzarət etmək üçün diplomatik səylərin nəticə verib-verməyəcəyini diqqətlə izləyir. Münaqişənin neft ixracatçılarının yerləşdiyi bölgəyə keçmə ehtimalı davam edir.
Bildirilir ki, texniki olaraq Brent markalı neftin 90,16 ilə 90,38 dollar arasındakı diapazonu müqavimət, 88,84 ilə 88,40 dollar aralığı isə dəstək zonası kimi izlənilə bilər.