İran nüvə proqramını ABŞ ilə müzakirə etməyə razı olub
İran rəhbərliyi əvvəlki bəzi şərtlərindən imtina edərək, nüvə proqramını Amerika Birləşmiş Ştatları ilə aparılan danışıqların gündəliyinə daxil etməyə razılıq verib.
AFN.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Tehranın bu qərarı diplomatik kursda ciddi dönüş deməkdir. Belə ki, cəmi bir gün əvvəl yüksək rütbəli bir İran rəsmisi Reuters agentliyinə açıqlamasında nüvə məsələsini sonrakı mərhələyə saxlamaq niyyətində olduqlarını bildirmişdi. Lakin son gəlişmələr İranın artıq nüvə proqramı üzrə müzakirələrə başlamağa və müəyyən güzəştlərə getməyə hazır olduğunu göstərir.
Yeni təkliflər paketinə əsasən, İran uranın zənginləşdirilməsini 3,5 faiz həddində məhdudlaşdırmağı və mövcud ehtiyatlarını tədricən azaltmağı vəd edir. Bunun müqabilində isə ABŞ-ın dəniz blokadasını qaldırması şərti ilə Hörmüz boğazının gəmiçilik üçün mərhələli şəkildə açılması təklif olunur.
Digər mühüm bir məqam isə Tehranın hərbi şərtlərlə bağlı geri addım atmasıdır. Məlumata görə, İran tərəfi ABŞ qoşunlarının regiondan tamamilə çıxarılması tələbindən imtina edib. Bunun əvəzinə indi rəsmi Tehran Amerika hərbçilərinin İran sərhədlərindən uzaqlaşdırılmasını və gələcək hücumlara qarşı beynəlxalq təminat verilməsini istəyir.
