BDU WUF13 çərçivəsində keçirilən "Urban Expo" sərgisində təmsil olunur - FOTOLAR


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Urban Expo" sərgisinin rəsmi açılış mərasimi keçirilib.

AFN.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) təşkilatının icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.

Qeyd edək ki, 3,5 hektar ərazini əhatə edən "Urban Expo" sərgisi 66 ölkədən 217-dən cuz təşkilatı bir araya gətirərək, şəhərsalma və dayanıqlı inkişaf sahəsində qabaqcıl təcrübələrin təqdim olunduğu qlobal platforma rolunu oynayır. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunan sərgi çərçivəsində hökumətlər, akademik qurumlar, vətəndaş cəmiyyəti institutları və özəl sektor nümayəndələri arasında əməkdaşlıq imkanları geniş müzakirə olunur.

Sərgidə Bakı Dövlət Universiteti də (BDU) fəal şəkildə təmsil olunur. Universitetin ekspozisiyasında şəhər mühitinin dayanıqlı inkişafı, ekoloji tarazlığın qorunması, iqlim dəyişikliklərinə adaptasiya, innovativ texnologiyaların tətbiqi və inklüziv urban inkişaf modellərinin formalaşdırılması, torpaq kadastrı bazası sisteminin təşəkkülü istiqamətində həyata keçirilən elmi-tədqiqat layihələri və təşəbbüslər geniş şəkildə təqdim edilir. BDU nümayəndələri tərəfindən təqdim olunan materiallarda müasir şəhərlərin qarşılaşdığı əsav çağırışlara elmi yanaşmalar, "ağıllı şəhər" konsepsiyaları, rəqəmsal transformasiya imkanları, həmçinin şəhər infrastrukturunun daha dayanıqlı və insan mərkəzli inkişafına yönəlmiş multidissiplinar tədqiqat nəticələri xüsusi yer tutur. Eyni zamanda, BDU-nun müxtəlif fakültə və elmi mərkəzlərində aparılan tədqiqatların praktiki tətbiq imkanları, beynəlxalq layihələr və tərəfdaşlıq çərçivəsində həyata keçirilən birgə təşəbbüslər də ziyarətçilərin diqqətinə çatdırılır.

"Urban Expo" çərçivəsində yaradılmış "Biznes və İnnovasiya Mərkəzi" platformasında 45 şirkət və 14 startap layihəsi də təqdim olunur. BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanaraq Universitet ərazisində istifadəyə verilmiş "Clean-Charge" EkoEnerji məntəqəsinin prototipi sərgidə özünəməxsus yer tutur. Qeyd edək ki, ümumi gücü 22 kilovat-saat olan bu hibrid enerji sistemi Günəş və külək enerjisi kimi bərpa olunan mənbələrdən istifadə etməklə elektromobillərin enerji ilə təmin olunmasını həyata keçirir. Layihənin əsas məqsədi elektrik enerjisinin yalnız təmiz mənbələrdən istehsalını təmin etmək və bununla da "dolayı karbon emissiyası" probleminin azaldılmasına töhfə verməkdir. KOBİA-nın qrant dəstəyi və BDU-nun elmi-texniki iştirakı ilə Universitet ərazisində reallaşdırılan bu innovativ ekoloji təşəbbüs müasir yaşıl texnologiyaların tətbiqi baxımından nümunəvi model kimi çıxış edir. Hazırda "Clean-Charge" EkoEnerji məntəqəsi elektromobil sürücüləri tərəfindən gündəlik olaraq intensiv şəkildə istifadə olunur və dayanıqlı enerji infrastrukturunun inkişafına praktik töhfə verir.

BDU-nun bu nüfuzlu beynəlxalq platformada iştirakı Universitetin yalnız təhsil və tədqiqat sahəsində deyil, həm də qlobal urban inkişaf gündəliyinə töhfə verən elmi mərkəz kimi mövqeyini daha da gücləndirir. Bu iştirak həmçinin BDU-nun beynəlxalq akademik şəbəkələrdə əlçatanlığını artırır, yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır və qlobal çağırışlara cavab verən innovativ elmi yanaşmaların paylaşılmasına xidmət edir.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu