İran mümkün olan razılaşma üçün ABŞ-a təqdim edilən təklifin detallarını açıqladı
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi müharibənin dayandırılması üçün ABŞ-a təqdim etdikləri son təklifdə bütün birtərəfli sanksiyaların və Tehran əleyhinə olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarlarının ləğv edilməsini, həmçinin ABŞ qüvvələrinin İran ətrafından çıxarılmasını tələb etdiklərini bildirib.
AFN.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-ya görə, Qəribabadi parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri ilə keçirdiyi iclasda İran-ABŞ diplomatiya prosesinin son durumu və Tehranın Vaşinqtona təqdim etdiyi təklif haqqında geniş hesabat verib.
Qəribabadi İranın uranın zənginləşdirilməsi və dinc nüvə enerjisindən istifadə hüququnun qorunmasının danışıqların əsas prinsipləri arasında yer aldığını vurğulayıb.
İranın son təklifində, həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin sona çatdırılması, ABŞ-ın dəniz blokadasının qaldırılması, İrana məxsus aktivlərin geri qaytarılması və sanksiyaların yaratdığı zərərlərin kompensasiya edilməsinin yer aldığını çatdıran Qəribabadi, bütün sanksiyaların və Tehran əleyhinə olan BMT TŞ qərarlarının ləğv edilməsi ilə yanaşı, ABŞ qüvvələrinin İran ətrafından çıxarılmasının da təklifin əsas bəndlərindən olduğunu qeyd edib.
İclasda millət vəkilləri də danışıqlar prosesi ilə bağlı fikir və qiymətləndirmələrini bölüşərkən, Qəribabadi verilən müxtəlif sualları cavablandırıb.

